"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan banisi və qurucusudur. Dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fikirlərini bölüşərkən deyib.Onun sözlərinə görə, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyəti hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq: "Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam edir. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir vaxtda xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul edib"."İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir" – deyə, millət vəkili fikirlərinə əlavə edib. "Heydər Əliyev böyük bir dövrdür" – deyən "Azərbaycan" qəzetinin baş redaktoru qeyd edib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək: "Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir".
sia.az