PDF Oxu

Siyasət

  • 62

Azərbaycanda türkdilli dövlətlərin iqtisadçı alimlərinin forumu keçiriləcəkdir

Azərbaycanda türkdilli dövlətlərin iqtisadçı alimlərinin forumu keçiriləcəkdir

Azərbaycanda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcəkdir.

Bu barədə dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında qərar qəbul edilmişdir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd etmişdir ki, XXI əsrin əvvəlində dünyada baş vermiş iqtisadi böhran başa çatsa da, gələcəkdə gözlənilən böhranların qarşısının alınması istiqamətində səylərin birləşdirilməsi zəruridir. Bu cür təşəbbüslərin türkdilli dövlətlər arasında həyata keçirilməsi imkanları forumda müzakirə ediləcəkdir.

Daha sonra çıxış edən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev bu ilin avqust ayında Qəbələ şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısında Prezident İlham Əliyevin çıxışını xatırlatmışdır. Nəzərə çatdırmışdır ki, dövlətimizin başçısı türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Bu çağırış türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumunun keçirilməsi üçün zəmin yaratmışdır.

Forumun məqsədi türkdilli ölkələrdə baş verən sosial-iqtisadi proseslərin təhlili, türksoylu iqtisadçı alimlərin qarşılıqlı elmi mübadilələrinin təmin edilməsi, elmi-strateji araşdırmalara təkan verilməsi, həmçinin bu istiqamətlərdə konkret təklif və tövsiyələrin irəli sürülməsidir.

K.Abdullayev demişdir ki, forumun ilk dəfə Azərbaycanda təşkili ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə və elmi əlaqələrin genişlənməsinə əhəmiyyətli təsir göstərəcəkdir.

Forumun 2014-cü il iyun ayında keçirilməsi nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər