"Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizdə 40 ilə yaxın bir epoxanın lideri kimi bu dövləti, cəmiyyəti və xalqı irəliyə aparıb. O dünya miqyasında qəbul olunan böyük şəxsiyyət idi. Ulu Öndərin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inkişafında da misilsiz xidmətləri olub". Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Ümummilli Liderin anım günü ilə bağlı danışarkən deyib.Onun sözlərinə görə, Azərbaycanda elə bir sahə olmaz ki, orada Heydər Əliyevin rolu, böyük zəhməti, xidməti olmasın: "AMEA özünün ən yüksək inkişaf dövrünü Heydər Əliyevin birinci hakimiyyəti illərində yaşayıb. İlk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan ziyalılarının nailiyyətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyev ən ciddi tədqiqatlara, bəlkə də zamanında gündəmə çıxarıla bilməyən tədqiqatlara dəstək verib. Ziya Bünyadov, Abbas Zamanov, Xudu Məmmədov kimi, prinsipləri sovet rejimləri ilə heç də uyğun gəlməyən, tədqiqatları da birmənalı qarşılanmayan alimlərimizə böyük dəstək verib. Xalq şairi Bəxtiyar Vahabzadəyə göstərilən münasibəti buna misal göstərmək olar".O bildirib ki, müstəqilliyin ilk illərində isə AMEA-da enmə prosesləri müşahidə olunub: "O zamankı hakimiyyət akademiyanı bağlamağı təklif edirdi. Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verildi. İlk növbədə Akademiyaya dövlət statusu verildi. Akademiya Milli Elmlər Akademiyası statusunu Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb".Heydər Əliyevin hakimiyyəti illərində alimlərin əməyinin qiymətləndirildiyini deyən İ. Həbibbəyli Ümummilli liderin akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir".
sia.az