2013-cü il dekabrın 11-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil etmişdir. Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən məlumat verilmişdir.Mərasimdə Moldova Respublikasının rəsmi şəxsləri, Moldova Respublikasının sabiq Baş nazirləri Vasileu Tarlev və Dmitriu Braqiş, Polşa, Macarıstan, İtaliya, Türkiyə, Bolqarıstan, Çin, Ukrayna, Belarus və Gürcüstanın Moldovadakı səfirləri, Kişineuda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Moldovanın ombudsmanı Aureliya Qriqoriu, Moldova Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov, Moldova ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfirliyin binasının foyesində Ulu Öndərin büstü önünə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi adından tər-çiçəklər qoyulmuşdur.
Səfir Namiq Əliyev öz çıxışında Heydər Əliyevin şanlı həyat yolu, müstəqil Azərbaycanın təşəkkül və firavanlıq mərhələləri barədə söhbət açmışdır.
Tədbirin bütün iştirakçılarına Moldovada çıxan "Ekspert Novostey" qəzetinin bu il 6 dekabr tarixli nömrəsinin nüsxələri paylanmışdır. Qəzetin həmin nömrəsində Azərbaycanın dahi oğlunun xatirəsinə həsr olunmuş "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" sərlövhəli böyük məqalə dərc edilmişdir.
Sonra klassik musiqidən ibarət kiçik konsert olmuşdur. Tədbir iştirakçıları qarşısında çıxış edən Moldovanın "Ambassado" simli kvarteti Puççini, Vivaldi, Şubert, Qara Qarayev, Yevgeni Doqa və digər məşhur bəstəkarların əsərlərindən parçalar ifa etmişdir.
Konsertdən sonra qonaqlar çay süfrəsinə dəvət edilmişlər. Süfrədə Azərbaycan milli şirniyyatları: paxlava, şəkərbura, qoğal və s. düzülmüşdür.
AzərTAc