Ağsuda müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılmışdır.
AzərTAc xəbər verir ki, dekabrın 12-də səhər saatlarında insanlar dəstə-dəstə şəhərin mərkəzindəki Heydər parkına gəlir, Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək qoyur, xalqımızın dahi oğlunun ruhuna ehtiramlarını bildirirdilər.
Həmin gün Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ziyalıların, ağsaqqalların, gənclərin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
"Dəyirmi masa"da çıxış edənlər ötən əsrin 90-cı illərində erməni təcavüzünə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaq, gələcək güclü dövlətin möhkəm bünövrəsini qoymaq kimi böyük bir tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan bu dahi şəxsiyyətin misilsiz xidmətlərindən bəhs etmişlər. Natiqlər ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir.
"Dəyirmi masa"da ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyi minnətdarlıq hissi ilə qeyd olunmuşdur.
Tədbir iştirakçılarından Səlim Allahverdiyev, Sehrayə Hümbətova və başqaları xalqımızın böyük oğlu Heydər Əliyevin Ağsu rayonuna səfərləri, sakinlərlə tarixi görüşləri ilə bağlı xatirələrindən danışmışlar.
Həmin gün şəhərin bir neçə yerində Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir.
AzərTAc