Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir.
Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin inkişaf mərhələləri ilə üst-üstə düşür. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. İşıqlı əməlləri, ölməz xatirəsi həmişə bizimlə olan, günəş kimi Azərbaycanı əbədi nura qərq edən ulu öndərimiz Heydər Əliyevin adı, şöhrəti ilə daim öyünməyə haqqımız vardır və öyünürük...
Ötən on il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmamışdır. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməmişdir. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.
Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışırlar. Axışırlar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.
Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri vardır. Çünki bu gün yeniyetməni də, cavanı da, ahılı da buraya bir istək, bir sevgi, bir məhəbbət gətirir: Heydər Əliyev istəyi, sevgisi və məhəbbəti. Özü də onlar təkcə paytaxtı təmsil etmirlər. Bu gün burada Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən olan çoxsaylı qonaqları görmək olar.
Ziyarətçilər yaxşı bilirlər: Ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri vardır. Bu məfkurə müstəqillik illərində inkişaf etmiş, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilmişdir. İnkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderimizin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir, Ümummilli Liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız vardır. İnanırlar ki, Ulu Öndərimizin quruculuq xətti bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunacaq, xalqımızın rifahı gündən-günə yaxşılaşacaqdır.
AzərTAc