PDF Oxu

Siyasət

  • 51

AXCP və "EL" Müsavata qarşı birləşirlər

AXCP və "EL" Müsavata qarşı birləşirlər

Dünən müttəfiq olan partiyaların bu gün bir-birinə düşmən kəsilmələri müxalifət düşərgəsində hər kəsə məlum olan faktdır. O da faktdır ki, müxaliflər dəyişən mövqelərini siyasi situasiyanın tələbindən yaranan zərurət kimi dəyərləndirirlər. Hazırkı mərhələdə müxalifət düşərgəsində tanış proseslər müşahidə edilməkdədir. Yəni 9 oktyabr prezident seçkiləri ərəfəsi aralarındakı umu-küsünü, qarşılıqlı ittihamları donduraraq, "Milli Şura" adlı qondarma qurum yaradanlar bu gün "birlik" modeli ortaya qoymaqla səhvə yol verdiklərini nümayiş etdirirlər. Məhz bu səbəbdən də "Milli Şura" müxalifətdaxili intriqaların döyüş poliqonuna çevrilib. Mübarizədə dözümsüz olan, proseslərdən xeyir əldə edə bilməyənlər "şura"dan çıxmağa üstünlük verirlər.

Bəzən isə dirəniş göstərənlərə qarşı "şura" daxilində qüvvələr nisbətinə nəzarət edənlər özləri cəza tədbiri həyata keçirirlər. Misal kimi ACP-nin keçmiş lideri Rəsul Quliyevə qarşı dekabrın 2-də keçirilən "Milli Şura"nın sessiyasında "satqın, xəyanətkar" damğası vuraraq, onu "şura"dan xaric etmələrini göstərmək olar. Amma hadisələrin inkişafına əsasən, demək olar ki, özlərini "Milli Şura"nın aparıcı qüvvəsi kimi təqdim edənlər, heç də R.Quliyevə qarşı tətbiq etdikləri cəzanı digər söz sahiblərinə qarşı tətbiq edə bilmirlər. Buna yenə də Müsavat partiyasının kinoçəkən Rüstəm İbrahimbəyova qarşı tətbiq etməyi planlaşdırdığı sərt cəza üsulunun baş tutmamasını misal olaraq qeyd etmək olar. R.İbrahimbəyovu nəinki "şura"dan çıxarmaq mümkün olmadı, əksinə, "Milli Şura"nın fəxri sədri kimi Müsavat başqanı İsa Qəmbərə gözdağı oldu. Söz yox ki, İ.Qəmbərin niyyətinin baş tutmamasında AXCP-"EL" birliyinin müstəsna rolu olmuşdur. Məhz buna görə də Müsavat "Milli Şura"dan gedəcəyi ilə bağlı hədələyici bəyanatlarla çıxış edir. Müsavat başqanı İ.Qəmbər Rusiya vətəndaşı olan birisinin "Milli Şura"ya rəhbərlik edə bilməyəcəyini qeyd etməklə, rəqibinə qarşı mübarizəsindən əl çəkməyəcəyini nümayiş etdirir. Bununla yanaşı, Müsavat Divanının üzvü Tural Abbaslı başqanından geri qalmayan hədələyici mövqe ortaya qoymaqla bildirib ki, Müsavat partiyası "Milli Şura"nın dekabrın 15-də keçirməyi planlaşdırdığı mitinqdə iştirak etməyəcək. Müsavat icra aparatının rəhbəri Arif Hacılı da "Milli Şura" ilə yollarının ayrılacağını söyləyib.

Bir sözlə, hazırkı mərhələdə "Milli Şura"da üz-üzə dayanan əks-qütblər arasında savaş gedir. Söz yox ki, bu savaşın qalibi olmayacaq. Çünki "Milli Şura" deyilən qurumun dağılması ilə çəkişən tərəflər də əvvəlki mövqelərinə qayıtmış olacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər