Dekabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP Xətai rayon təşkilatında keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini təhlil etmiş, onun xilaskarlıq missiyasından danışmışdır.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə qazanılan uğurlardan danışan akademik onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu deyən İ.Həbibbəyli vurğulamışdır ki, xalqımız Ümummilli Liderə olan sevgisini qəlbində yaşadır və daim yaşadacaqdır.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır.
AzərTAc