"Ulu öndər Heydər Əliyevin xidmətləri haqqında böyük əsərlər bundan sonra da yazılacaq. Amma fikrimcə, Ulu öndərimizin xalqımız üçün ən böyük xidmətlərindən biri hələ sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir. Heydər Əliyevin digər bir misilsiz xidməti bu idi ki, isə müstəqil Azərbaycanın təməlini qoydu, Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin etdi. Ulu öndərimiz müstəqilliyimizi elə möhkəm təməllər üzərində qurub ki, onu sarsıtmaq mümkün deyil". Bu fikirləri AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, bütün dünya Heydər Əliyevi böyük siyasətçi kimi qəbul edir. Onun sözlərinə görə, Ulu öndərimizin bütün türk dünyasında da böyük xidmətləri olub.
"Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir. Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsi də azərbaycançılıq idealına xidmətin ifadəsidir"-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az