PDF Oxu

Siyasət

  • 79

Politoloq: “Davudoğlunun İrəvana səfəri Ermənistanın yürütdüyü siyasəti ifşa edib”

Politoloq: “Davudoğlunun İrəvana səfəri Ermənistanın yürütdüyü siyasəti ifşa edib”

Əhməd Davudoğlunun Ermənistana səfəri və qarşılaşdığı münasibət Türkiyədə olan bəzi ermənipərəst qüvvələri sakitləşdirəcək

"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfəri Ermənistanın yürütdüyü siyasəti ifşa etdi. Hesab edirəm ki, son illərdə ermənilər hələ belə ciddi zərbə almayıb". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.M.Əhmədoğlu deyib ki, Ə.Davudoğlunun İrəvana səfəri zamanı Dağlıq Qarabağ məsələsində əvvəlki kimi israrla davranmaması da diqqət çəkən məqamlardandır: "Bu səfər çərçivəsində Əhməd Davudoğlu Dağlıq Qarabağ məsələsindəki mövqeyindən geri çəkildi. Ancaq, hesab edirəm ki, onun bu məsələdə geri çəkilməsi Azərbaycan və Türkiyə arasında müzakirə olunacaq. Ümumilikdə Əhməd Davudoğlunun səfəri göstərdi ki, ermənilər Türkiyə ilə münasibətləri normallaşdırmağa, sərhəddi açmağa hazır deyillər".Politoloq qeyd edib ki, ümumən Serj Sarkisyanın qarşısında Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair məqsəd yoxdur: "Serj Sarkisyanın qarşısında duran məqsəd Avropa və ABŞ-ı Türkiyə ilə baş-başa gətirməkdir. Bu addım da onların Türkiyə qarşı təzyiq göstərməsinə hesablanıb. Əgər Serj Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirdisə, İrəvanda Əhməd Davudoğluna fərqli münasibət göstərilməli və özü də qəbul etməli idi. Ancaq, nümayişkəranə Serj Sarkisyan Əhməd Davudoğlu ilə görüşdən imtina etdi. Hətta ola bilsin ki, Edvard Nalbandyanın da görüşü ABŞ dövlət katibi Con Kerrinin təkidi ilə baş tutub". M.Əhmədoğlu bildirib ki, Ə.Davudoğlunun İrəvana səfəri ABŞ-ın siyasətindəki yalanları üzə çıxarıb: "ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Əhməd Davudoğlunun İrəvana səfər etdiyi gün bəyanat verdi ki, ABŞ dövlət katibi Con Kerri Ermənistana gələcək. Əslində Con Kerrinin Ermənistana səfəri ilə bağlı ABŞ-ın Ermənistandakı səfiri Con Heffernnin verdiyi bu məlumat gündəmdə olmayan məsələ idi və Əhməd Davudoğlunun İrəvana səfərini aşağılamaq üçün verilib. Con Heffern bu addımı ilə göstərməyə çalışdı ki, Türkiyənin xarici işlər naziri bu regionda Ermənistanla bağlı məsələləri həll etmək iqtidarında deyil və Ermənistanın əsl sahibi Con Kerri gələrək bütün bu məsələləri həll edəcək".M.Əhmədoğlu əlavə edib ki, Ə.Davudoğlunun Ermənistana səfəri və qarşılaşdığı münasibət Türkiyədə olan bəzi ermənipərəst qüvvələri də sakitləşdirəcək: "ABŞ bəlli bir qrup Türkiyə vətəndaşını və qeyri-hökumət təşkilatlarını ələ alaraq hökumətə təzyiq edərək bildirirdilər ki, guya Ermənistan münasibətlərin normallaşmasına hazırdır, Türkiyəyə isə Azərbaycan mane olur. Bu səfərdən sonra onlarda başa düşəcəklər ki, Ermənistan rəhbərliyinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyi oyundur və bu Türkiyənin milli maraqlarının əleyhinədir".

sia.az

Digər xəbərlər