Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Azərbaycanın İsveçdəki səfirliyinin təşkil etdiyi mərasimdə Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, Stokholmda yaşayan soydaşlarımız və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov mərasimi açaraq Ulu Öndərin şərəfli həyat yolu və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Ümummilli Liderin müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi titanik fəaliyyətindən danışan səfir demişdir ki, Ulu Öndər böyük dövlət xadimi kimi təkcə bu günün deyil, sabahın qüdrətli Azərbaycanının inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Bildirilmişdir ki, Heydər Əliyev ucalığının əsasında Azərbaycan xalqına olan sonsuz və təmənnasız məhəbbəti dayanır.
Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunmuş, ehsan süfrəsi açılmışdır.
AzərTAc