PDF Oxu

Siyasət

  • 44

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində ümummilli lider Heydər Əliyevlə bağlı məqalə dərc edilmişdir

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində ümummilli lider Heydər Əliyevlə bağlı məqalə dərc edilmişdir

Mərakeşin "Əl-İslah və ət-Tənmiyə" (İslahat və İnkişaf) qəzetinin 12 dekabr tarixli nömrəsində "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il ötür" sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Ulu Öndərin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, eləcə də ölkəmizdə bütün sahələrdə apardığı geniş və məqsədyönlü islahatlardan bəhs olunmuşdur.

Yazıda Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçilik ənənələrinin bərpasında, ölkəmizin parçalanmadan birliyə, sabitliyə, həyatın bütün sahələrində tərəqqi və çiçəklənməyə doğru addımlamasında Ümummilli Liderin yorulmaz səylərindən bəhs edilmişdir. Məhz bu səylərin nəticəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyi vurğulanmışdır.

Məqalədə Ulu Öndərin Azərbaycanda enerji sahəsində də uğurlu islahatlar apardığı, nəticədə 1994-cü ilin sentyabrında xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandığı, aydın və məqsədyönlü əsaslarla qurulmuş, milli maraqları rəhbər tutan yeni xarici siyasət strategiyası sayəsində ölkənin beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli formatda geniş əlaqələr yaratdığı diqqətə çatdırılmışdır.

Müəllif İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin Heydər Əliyevin formalaşdırdığı xarici siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Həmçinin Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində geniş əlaqələrə malik olduğu diqqətə çatdırılmış və qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlığın əsasının qoyulduğu vurğulanmışdır.

Yazıda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu demokratik, sosial, iqtisadi islahatların aparıldığı, müxtəlif sahələrdə dinamik inkişafa nail olunduğu və ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılmışdır.

Sonda müəllif hər il ulu öndər Heydər Əliyevin xatirəsinin həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində anıldığını qeyd etmiş, onun xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışdır.

AzərTAc

Digər xəbərlər