Azərbaycanın Özbəkistandakı səfirliyi, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi və "Ucell" Mobil Şirkətinin təşkilatçılığı ilə Səmərqənddə ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdə bu şəhərdə yaşayan mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri və jurnalistlər iştirak etmişlər.
İştirakçılar əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Onlara Ulu Öndərə həsr olunmuş kitablar paylanmışdır.
Mərasim "Heydər Əliyev: dünyaya açılan pəncərə" sənədli filmi ilə başlanmışdır. Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Nəsimi Ağababayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu barədə geniş məlumat vermişdir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov və "Ucell" Mobil Şirkətinin vitse-prezidenti Elçin Cabbarov Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtmasından, respublikamızın siyasi və iqtisadi inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışmışlar.
Tədbirin sonunda ehsan süfrəsi təşkil olunmuşdur.
AzərTAc