Çağdaş Azərbaycan dövlətinin qurucusu, milli dövlət müstəqilliyimizin, ərazi bütövlüyümzün qarantı olmuş, türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev... Ömrünün 50 ilindən çoxunu Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin taleyi ilə sıx bağlamış olan, iqtisadiyyatımızda, milli ideologiya və mənəviyyatımızda, mədəniyyətimizdə, elmimizdə, təhsilimizdə, səhiyyəmizdə və digər sahələrdə misilsiz işlər görmüş dünya şöhrətli bu şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. 20-ci yüzilliyin sonu - 21-ci yüzilliyin əvvəlində tarixin və Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri isə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəyə qayıdana, yəni1993-cü ilin iyun ayına qədər Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Xalq öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Ermənilər "Böyük Ermənistan" yaratmaq üçün torpaqlarımızı bir-birinin ardınca ələ keçirirdilər. Öz içərimizdə də vətən xainlərinin sayı artmışdı. Onlar yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Xəyanətkarlıq baş alıb gedirdi. Xalq qorxu və vahimə içərisində yaşayırdı. Ölkə daxilindəki satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Bir ölkənin vətəndaşları - doğma qardaşlar arasında dəhşətli bir müharibə alovlanmaqda idi.
Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anda Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ulu öndər Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə ölkəyə qayıtdı. Xalq öz xilaskarını sevinclə qarşıladı.
Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun13-14-də Gəncədə oldu. Gəncə əhalisinin "Heydər baba, qurtar xalqı bu bəladan" şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi.
1993-cü ilin iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə "Milli Qurtuluş günü" kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı.
Azərbaycan xalqı ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev eyni zamanda verdiyi ilk bəyanatlarının birində deyirdi:
"Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük naliyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam."
Ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu bu fikirlər qısa zamanda reallığa çevrildi. Belə ki, tez bir zamanda ölkədə anarxiya və özbaşınalığın qarşısını alan ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də ordu quruculuğu işini başa çatdırmağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi.
İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabitliyin, sağlam mühitin yaradılması idi. Belə olmasaydı respublikamızın böyük iqtisadi potensialından söhbət gedə bilməz, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi sahədə ölkəmizin digər ölkələrlələ əməkdaşlığı mümkün olmazdı. Dövlət mülkiyyətinin ədalətlə özəlləşdirilməsi, özəl sektorun inkişafı mümkün olmazdı. Bütün mümkün olanlar üçün müstəqilliyimizin qarantı, dövlətimizin qurucusu və memarı ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ona görə ki, o, bazar iqtisadiyyatı yolunun qanun-qaydalarına riayət etməyi xalqımıza vacib bildi və dedi:" Əgər biz istəyiriksə doğurdan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək, xalqımızın rifahını yaxşılaşdıraq, onda biz bazar iqtisadiyyatı yolu ilə getməliyik."
Ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin başlıca cəhətləri belə olub: "İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir".
Ümummilli liderimiz Heydər Əliyevin həyatının məqsədi Azərbaycan, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olmuşdur. Həyat amalı isə belə idi: "Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam".
Doğurdan da ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Bütün bunların hamısı onun böyük bacarıq, səriştə və nüfuz sahibi olmasından irəli gəlirdi. Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli bacarığı sayəsində respublikamızın digər dövlətlərlə əlaqələri yaranmış və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır. Azərbaycanın Avropaya inteqrasiya olunması və respublikamızın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ümummilli lider Heydər Əliyevin səyi və qətiyyəti, təşəbbüskarlığı, həmçinin zəngin idarəçilik məharətinin nəticəsidir.
Ulu Öndərimizin gərgin əməyi sayəsində mövcud olan müstəqil Azərbaycan dövləti bu gün cənab prezidentimiz İlham Əliyevlə çiçəklənir və zirvələr fəth edir. Əlbəttə ki, xalqımız da firavan gələcəyi məhz cənab prezidentimiz İlham Əliyevlə görür. Xalqımızın bu istəyi onun keçmişinə və bu gününə əsasən formalaşmışdır. Bunu ölkədə hər bir sahədə görülmüş işlər, qazanılmış uğurlar təsdiq edir. Bütün bunların nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövləti güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə, beynəlxalq sistemə inteqrasiya etmiş təhsilə, müasir səhiyyə sisteminə, ən əsas da gündən-günə güclənən iqtisadiyyata malik bir dövlətdir. Əhalinin dinc, firavan halda yaşaması, sosial rifahın gündən-günə yüksəlməsi, ölkənin hər bir yerində quruculuq, abadlıq işlərinin geniş vüsət alması Azərbaycanın cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hər an inkişafda olduğunu bariz şəkildə sübut edir. Yürüdülən daxili və xarici siyasət Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzunun artması ilə nəticələnmişdir ki, bir çox region, eləcə də dünya dövlətləri bu gün Azərbaycanla məsləhətləşərək eyni mövqedən çıxış edir. Ona görə ki, bu gün Azərbaycan inkişaf edən bir ölkədir və bu inkişaf özünü hər bir sahədə göstərir.
Beləliklə, Azərbaycan müasir dövrlə ayaqlaşsa da, özündə ulu öndər Heydər Əliyevin ideyalarını ehtiva edən bir dövlətdir. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, tarixinə həkk olunmuşdur. Deməli, ümummilli lider Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixi və parlaq gələcəyidir.
Anar Şahmuradov
YAP Ağdaş rayon Gənclər Birliyinin sədri
yap.org.az