PDF Oxu

Siyasət

  • 79

Daşkəsəndə Ulu Öndərin anım günü keçirilib

Daşkəsəndə Ulu Öndərin anım günü keçirilib

Daşkəsənlilər Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünü keçiriblər. 5000 nəfərdən çox daşkəsənli rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil və tər gül dəstələri düzüb, Dahi Rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirib.

Bu mərasimdən sonra YAP rayon təşkilatının şura üzvləri və iştirakçıların bir qrupu Heydər Əliyev Mərkəzində olub. Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov mərkəzi ziyarət edən daşkəsənlilərə müstəqil müasir Azərbaycanın qurucusu Heydər Əliyevə ürəklərində gəzdirdikləri bu hörmət və ehtiramdan, sevgidən məmnun olduğunu bildirmişdir: "Qəlbində vətənə, torpağa, xalqa istək gəzdirən hər birimizin əbədiyaşar Ulu Öndərə bu günkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. Bu gün hər birimiz o böyük insanı xilaskar, Azərbaycanın milli inkişaf modelinin banisi kimi qəbul edirik. Ulu Öndərin hər bir sözü bir ibrətamiz kəlam, bir həqiqətdir: "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram". Bəli, Dahi İnsan özünün sağlamlığını, həyatını müstəqil Azərbaycan uğrunda əsirgəmədi. Ona tuşlanan ittihamlara mərdliklə sinə gərərək, Şərqə günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurdu. Bu gün Heydər-Xalq, Xalq-Heydər sevgisi daimidir, əbədidir. Hər birimiz, körpə uşaqların da dilinin əzbəri olan "Mən həmişə fəxr etmişəm ki, Mən azərbaycanlıyam!" kəlamını yaxşı xatırlayırıq. Qəlbində xalqına belə sevgi gəzdirən Rəhbər xalqının yaddaşında daim hörmətlə, pərəstişlə seviləcək, yad olunacaqdır. O, bizdən cismən ayrılsa da, ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq".

Sonra Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi "Yeni həyat" sarayında ehsan süfrəsi ilə davam etdirildi. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev Azərbaycanın xilaskarı, YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışmış, bu günkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açmışdır. Eyni zamanda bildirmişdir ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir.

Sonra Ulu Öndərin ruhuna quran oxundu. Rayon icra hakimiyyətinin binasının foyesində qoyulmuş Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyuldu.

R.HÜSEYNOVA

Digər xəbərlər