"Müxalifət Azərbaycana böhran, ağır vəziyyət və problemlər arzulayır ki, həmin fonda 100 minlərlə insanları küçələrə yığsın və hakimiyyətə gəlsin. Lakin onlar başa düşmürlər ki, hakimiyyətə ancaq seçki yolu ilə gəlmək olar və zorla insanları arxaları ilə aparmaq olmaz". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, mövcud hakimiyyət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və buna görə də, insanlar heç bir zaman onların arxasınca getməyəcək: "Çünki, müxalifət Ukraynada olan vəziyyəti Azərbaycan üçün arzulayır. Amma yaddan çıxarırlar ki, bu gün Ukraynanın iqtisadiyyatında, xarici siyasətində, milli birliyində, idarəçiliyində böyük problemlər olduğu üçün orada qarşıdurma var və meydanlara 100 minlərlə insanlar yığılır. Müxalifət özünün hakimiyyətdə olması üçün oradakı ağır vəziyyəti Azərbaycan üçün arzulayır. Aydın məsələdir ki, heç bir halda Azərbaycan cəmiyyəti müxalifətin hakimiyyətə gəlməsi üçün özününün ağır vəziyyətdə düşməsini arzulamayacaq".Millət vəkili vurğulayıb ki, müxalifət böyük iddialara malik olsa da, onun sosial bazası zəidir: "Hər dəfə mitinqlərinə çox az sayda insanlar gəlir. Ötən gün yanacağın qiymətini artırılması ilə bağlı mitinq çağıran Milli Şura yanacaqdan başqa bütün məsələlərdən danışdı. Belə bir təəssürat yarandı ki, yanacaq bəhanə idi. Ümumilikdə götürəndə isə Milli Şuranın cəmiyyətin problemlərinin həlli ilə bağlı heç bir təklifi yoxdur. Ona görə ki, onlar iqtisadiyyatı bilmir və bilmək istəmir.Müxalifəti Azərbaycanın problemləri maraqlandırmır. Onları yalnız hakimiyyətə gəlmək düşündürür və ona görə də istənilən ağır vəziyyətin Azərbaycanda olması üçün çalışırlar. Lakin buna baxmyaraq, Azərbaycan cəmiyyəti bu günkü müxalifəti qəbul etmir. Milli Şura bir neçə insanı mitinqə toplamaqla müxalifətdən daha çox radikal fikirlərən ibarət olan sektaya çevrildiyini bir daha göstərdi".A.Mirzəzadə həmçinin, bildirib ki, bu gün Milli Şuranın yaşayıb-yaşamaması qətiyyən cəmiyyəti maraqlandırmır: "Mən deyərdim ki, sadə insanların heç Milli Şura haqqında təsəvvürü belə yoxdur. Milli Şura adlanan kiçik dərnəyə daxil olanlar arasında böyük mübahisələr gedir. Məlumdur ki, qısa bir zamanda Milli Şura tamamilə sıradan çıxacaq".
sia.az