PDF Oxu

Siyasət

  • 52

Möhtəşəm nailiyyətlərlə yadda qalan 2013-cü il

Möhtəşəm nailiyyətlərlə yadda qalan 2013-cü il

İlham Əliyevin seçkidəki parlaq qələbəsi gələcək beş ildəki uğurların və nailiyyətlərin təminatıdır

Möhtəşəm nailiyyətlərlə yadda qalan 2013-cü il müstəqil Azərbaycan dövlətinin həyatında böyük siyasi və tarixi hadisəyə çevrilən prezident seçkisi və bu seçkidə Cənab İlham Əliyevin parlaq qələbəsi ilə əlamətdardır. Müasir müstəqil Azərbaycan dövləti artıq 10 ildir ki, Ulu Öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin yeni parlaq səhifələrini yazır. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur.

Cənubi Qafqazın qüdrətli dövləti

Cənubi Qafqazın lideri statusunu daşıyan qüdrətli Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Azərbaycan dövləti müstəqillik illərində demokratiya sahəsində də böyük uğurlara imza atıb. Son on ildə cəmiyyətimizin daha da demokratikləşməsi istiqamətində atılan addımlar dünyada ölkəmizin imicini yüksəldib. Bu il oktyabrın 9-da keçirilən prezident seçkiləri isə öz şəffaflığı, demokratikliyi və ədalətliliyi ilə xüsusilə seçilib, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici və yerli müşahidəçilər tərəfindən müsbət dəyərləndirilib. Növbəti andiçmə mərasimində Prezident İlham Əliyev bundan sonra da doğma xalqına ləyaqətlə xidmət göstərəcəyini, daim dövlət maraqlarını müdafiə edəcəyini önə çəkərək bəyan etdi ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur. Həqiqətən də xalqın seçimi bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqlədi. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə Prezident İlham Əliyevin şəxsiyyətində, Onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Xalqımızın müdrik seçimi, böyük inam və etibarı ilə Cənab İlham Əliyev 10 il öncə Azərbaycanın müasir tarixinə yeni missiya ilə qədəm qoymuşdu.

Ölkə iqtisadiyyatında dayanıqlı inkişaf

Azərbaycan iqtisadiyyatı daha uğurlu bir ili arxada qoyacaq. Ötən ilin iqtisadi nəticələri sadəcə makroiqtisadi göstəricilərlə müşahidə edilən artım deyildir. Bu, həm də ölkə iqtisadiyyatında dayanıqlı inkişafın qorunub saxlanılması və ümumi daxili məhsuldakı artımın qeyri-neft sektorundakı inkişaf hesabına formalaşmasıdır. Belə vəziyyət ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılmasından və dayanıqlı iqtisadi artım tempinin formalaşmasından xəbər verir.

2013-cü ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında da ölkə iqtisadiyyatının hər zaman inkişaf etdiyini vurğulamışdı: "İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir".

İqtisadi göstəricilərə nəzər yetirsək çoxşaxəli iqtisadiyyatımızın gələcək illərdə də böyük nailiyyətlər əldə edəcəyimizə əminlik yaradır. Belə ki, yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuşdur. Son on ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasət konkret nəticələrini verməkdədir və son on ildə ölkəmizin dinamik inkişafı, insanların rifahının davamlı olaraq yaxşılaşması, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində həlledici rola malik dövlət kimi dünyada özünü təsdiq etməsi xalqımızın Cənab İlham Əliyevə olan inam və etimadını, xalq-iqtidar vəhdətini günü-gündən gücləndirir. Xalqımız əmindir ki, növbəti illərdə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ictimai-siyasi həyatın bütün sahələrində neçə-neçə uğurlara imza atacaq, güclü və inkişaf edən Azərbaycan dövlətində hər bir vətəndaş bundan sonra da sülh, əmin-amanlıq və sabitlik şəraitində rahat yaşayacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər