PDF Oxu

Siyasət

  • 57

Müdafiə Sənayesi Nazirliyi öz peşə bayramını qeyd edib

Müdafiə Sənayesi Nazirliyi öz peşə bayramını qeyd edib

Bu gün Müdafiə Sənayesi Nazirliyinin kollektivi öz peşə bayramlarını qeyd ediblər. SİA-nın məlumatına görə, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Artıq beşinci ildir ki, öz peşə bayramlarını qeyd edən müdafiə sənayesi işçiləri əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Kollektiv tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları da ziyarət edilərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.Daha sonra tədbirin keçirildiyi "Radioquraşdırma" zavodunun həyətində Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büst ziyarət edilərək, önünə gül dəstələri düzülüb. Sonra "Radioquraşdırma" zavodunun akt zalında peşə bayramı ilə əlaqədar təntənəli tədbirin rəsmi hissəsinə başlanılıb. Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.Daha sonra tədbiri giriş nitqi ilə açan müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, Prezidentin 16 dekabr 2005-ci il tarixdə imzaladığı sərəncamla yaradılan nazirlik fəaliyyətə başladığı ilk gündən etibarən bir sıra mühüm işlər həyata keçirib. Son 10 ildə ölkədə həyata keçirilən sosial-iqtisadi işlər nəticəsində ÜDM 3 dəfə artıb. Əldə olunan nailiyyətlərin növbət illərdə də davamlığı üçün prioritet istiqamət müəyyənləşdirilib.Diqqətə çatdırılıb ki, Nazirliyin tabeliyində olan 14 müəssisə əsaslı şəkildə təmir edilib və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilərək istifadəyə verilib: "Dünyanın bir çox inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq qurulub. Nazirliyin istehsal fəaliyyəti ilə bağlı göstəricilərə gəlincə, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin doqquz ayında ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artıb. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilib. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb. 2013-cü ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və milli sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən "Azərbaycan 10 ildə" sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunub və nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatı məmulatları nümayiş etdirib".Tədbirdə nazirliyin bir neçə qabaqcıl işçisinə "Qabaqcıl müdafiə sənayesi işçisi" nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr və eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif olunmuş əməkdaşlara Fəxri Fərmanlar təqdim olunub. Digər çıxış edənlər də "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü"nün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşüblər. Qeyd edilib ki, Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunmuş bu gün, əslində müstəqil Azərbaycanın hərbi qüdrətinin artırılması və bu sahədə xaricdən asılılığın azaldılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin qısa müddət ərzindəki fəaliyyətinə verilən yüksək qiymətdir.Sonda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

sia.az

Digər xəbərlər