Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşmüşdür. Səfir Pakistan Milli Assambleyasının (PMA) sədri vəzifəsinə seçilməsi, həmçinin Pakistan müsəlman Liqasının seçkilərdəki qələbəsi münasibəti ilə S.A.Sadiqə Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədovun təbrikini çatdırmış, onu ölkəmizə səfərə dəvət etmişdir.
D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasət sahəsində əldə olunan uğurlardan, aparılan yenidənqurma işlərindən və iqtisadi islahatlardan danışmışdır.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın ölkəmizə verdiyi dəstəyə və Ermənistanın işğalçılıq siyasətini ittiham etdiyinə görə PMA-nın sədrinə minnətdarlığını bildirmişdir.
D.Şikarov Pakistan prezidenti və Baş nazirinin Azərbaycana səfərlərinin gündəlikdə durduğunu qeyd etmiş, bu səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyini vurğulamışdır.
Azərbaycanda keçirilmiş Prezident seçkilərini hakim Pakistan Müsəlman Liqasından olan deputat və senatorların da müşahidəçi qismində izlədiyini diqqətə çatdıran S.A.Sadiq seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini vurğulamış, bu münasibətlə səmimi təbriklərini Prezident İlham Əliyevə çatdırmağı səfirdən xahiş etmişdir.
Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində həyata keçirilmiş humanitar yardımlara görə minnətdarlığını bildirmişdir.
yap.org.az