Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən hazırlanmış "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)" dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin əhəmiyyətini vurğulayaraq bu materiallardan tədrisdə də geniş istifadə olunduğunu qeyd etmişdir. Rektor bu istiqamətdə tədqiqatların hazırda da davam etdirildiyini demişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında Prezident İlham Əliyevin öz fəaliyyəti ilə daim Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdiyini bildirmişdir. Şöbə müdiri Heydər Əliyev siyasətinin bu gün də yaşadığını vurğulamış, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə müasir müstəqil dövlət quruculuğu ilə yanaşı, dövlət idarəçilik təliminin də əsasını qoyduğunu vurğulamışdır. Şöbə müdiri həmin dövlət idarəçilik təliminin ölkəmizdə bu gün də araşdırıldığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderin dövlət idarəçilik təlimi ilk növbədə Azərbaycan xalqının iradəsinə söykənirdi. Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini novatorluqla davam etdirir.
Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından da geniş istifadə edildiyini vurğulayan Əli Həsənov agentliyin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidentinin fəaliyyətini əks etdirən belə bir toplunun nəşr olunmasının əhəmiyyətini bildirmişdir.
Nəşrdə Prezident İlham Əliyevin fəaliyyətinin son beş illik dövrünün xronikası: rəsmi qəbul və səfərlərinin icmalı və təhlili, habelə çoxsaylı görüşləri və onların məzmunu, müxtəlif məruzə, nitq, çıxış və müsahibələri geniş şəkildə əksini tapmışdır.
Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçisi tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elmlər doktoru, professor Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.
AzərTAc