Dekabrın 18-də Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.
İclası açan komitə sədri Ziyafət Əsgərov gündəlikdə duran "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə" qanun layihələri haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan və ABŞ arasında imzalanmış bu Saziş 2003-cü ilin dekabrında təsdiqlənmişdir. On il müddətli Saziş tərəflər arasında qarşılıqlı maddi-texniki təminatın asanlaşdırılması məqsədi ilə imzalanmışdır. Bu ilin dekabrında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin müddətinin bitdiyini deyən Z.Əsgərov qanun layihəsinin Sazişin vaxtının müəyyən dəyişikliklərlə beş il uzadılması məqsədi ilə Milli Məclisə təqdim olunduğunu bildirmişdir. "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə" qanun layihəsi isə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliklər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanunun tətbiqi ilə əlaqədar edilir.
Komitə üzvləri də gündəlikdə duran məsələlərə dair çıxışlar etmişlər. Bildirilmişdir ki, Azərbaycan və ABŞ arasında imzalanmış Sazişin yenidən vaxtının uzadılması iki ölkə arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Müzakirələrdən sonra hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunmuşdur.
yap.org.az