Ümummilli Lider Heydər Əliyev XX əsrin, Prezident İlham Əliyev isə XXI əsrin enerji müqaviləsini imzaladı və Avropanın energetik xəritəsində dəyişiklik etdi
Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur və genişlənən iqtisadi tələblər yeni enerji potensiallı əraziləri istehlak obyektinə çevirir. Bu mənada, təbii enerji sərvətlərinin geoloji nağdlılığı çağdaş zamanda strateji əhəmiyyətini artıraraq, əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud və ya istisna olunmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur.
Azərbaycan da perspektivlilik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Təkcə Azərbaycanın Xəzər sektorunda karbohidrogen ehtiyatlarının həcmi hesablamalara görə 3-4 və hətta proqnoz baxımdan 5-7 milyard ton təşkil edir. Müqayisədə bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə, neft-qaz resurslarından başqa ölkədə digər təbii enerji mənbələri də yetərli və perspektivlilik baxımından ümidvericidir.
Əlbəttə ki, təbii resursların miqyaslılığı respublikanın daxili ehtiyaclarının tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq davamlı iqtisadi inkişafın təmin olunmasında, ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital, möhtəşəm investisiya qoyuluşları və həm də onların repatriasiyasının bazası rolunda çıxış edir. Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələrində əsas fiqurantlarından biri kimi iştirak isə ölkənin geosiyasi gücünü artıraraq onun dünya enerji bazarının əhəmiyyətli iştirakçısına çevirir. Bu səbəbdən də, Azərbaycanın reallaşdırdığı milli enerji strategiyası Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolunu ortaya çıxardı.
Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanın ərazisinin 70 faizi neft-qaz resursları ilə perspektivlidir. "Əsrin müqaviləsi" də daxil olmaqla respublikaya mənsub dəniz və quru əraziləri əhatə edən çoxsaylı beynəlxalq neft kontraktları bağlanıb ki, burada hasilat təkcə "Azəri-Günəşli" və "Çıraq" platformasından real olaraq gündə 1 milyon barrel və ya ildə 60 milyon tondan çox neft hasil ediləcək. Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 3 trilyon kubmetr civarında hesablanır. Bunun yarıdan bir qədər çoxu "Şahdəniz" qaz-kondensat yatağında cəmləşib. Normallaşdırılan hasilat toplumunda bu potensialın hər il 40-50 milyard ABŞ dollarına ekvivalent olacağı proqnoz edilir ki, burada da ölkəmiz yetərli paya malikdir.
Qeyd edək ki, milli enerji strategiyasının formalaşması daxili potensialın təhlili ilə yanaşı, qlobal aləmdə gedən proseslərin, dünya enerji balansının inkişaf meyilinin və bəşəri enerji istehlakının yüksəliş templərinin nəzərə alınmasını da şərtləndirir. İlk dəfə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dünya enerji xəritəsindəki rolunu və potensial imkanlarını hesablamaqla respublikamızın yeni neft-qaz strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin formalaşdırdığı strategiya əsasında, məhz Azərbaycanın müstəqillik əldə etməsindən 3 il, ölkədə vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra respublikamız xarici tərəfdaşları ilə birlikdə "Əsrin müqaviləsi"ni imzalayıb. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Təsadüfi də deyil ki, həmin müqavilə XX əsrin müqaviləsi adlandırılıb. Ardınca 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanıb, 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilib, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Azərbaycan, Gürcüstan və Türkiyəni digər layihə ilə də birləşdirən Cənub qaz boru kəməri inşa edilib. 2011-ci ildə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım edib. 2012-ci ildə Azərbaycan Türkiyə ilə Trans-Anadolu boru kəmərinə TANAP-a dair tarixi sazişi imzalayıb. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilib.
Göründüyü kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyası sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, etibarlı karbohidrogen təchizatçısı mənbəyinə çevrilib. Lakin ötən gün imzalanma mərasimi olmuş "Şahdəniz-2" kontraktı XXI əsrin müqaviləsinə çevrildi.
Ümumiyyətlə, "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyev "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib ki, "Şahdəniz" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaq: "Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur".
Saziş çərçivəsində imzalanacaq müqavilələr bu əməkdaşlığın 40 il, hətta uzun müddət davam edəcəyinə imkan verəcək. Əvvəlcədən aparılmış təhlillərə əsasən müəyyən edilib ki, yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli qitənin yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığını azaldacaq. Həmçinin, qarşıdan gələn illərdə "Cənub" dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı var ki, bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaq. Digər tərəfdən, Avropanın qaz bazarında rəqabət artacaq. Bu isə enerjinin qiymətini daha münasib edəcək. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər.
Eyni zamanda, "Cənub" dəhlizi iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyulan məqsədləri dəstəkləyəcək. Yenilənən enerjiyə yönəlmiş sərmayələrin fonunda qaz Avropaya ən sadə və etibarlı enerji təmin edəcək. Çünki qaz ekoloji baxımdan kömürdən təmizdir. Hazırda isə bir sıra Avropa dövlətlərinin hökumətləri üçün enerji təhlükəsizliyinin təmin edilməsi qlobal iqlim dəyişikliyi ilə mübarizədən daha ön sırada durur. Bu, Avropada enerji təhlükəsizliyini gücləndirməklə "Cənub" dəhlizi qitəyə zəhərli tullantıların azaldılmasına da diqqəti yönəltməyə imkan verəcək. Nəhayət, "Cənub" dəhlizinin işlənilməsi 2000 mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və qeyd edildiyi kimi, tikinti mərhələsində otuz mindən artıq yeni iş yeri yaradacaq. İnşası başa çatdıqdan sonra boru kəmərləri Azərbaycan üçün Avropa bazarına uzunmüddətli çıxış təmin edəcək.
Qeyd edək ki, sazişlə reallaşdırılacaq layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcək. "Şahdəniz-2" layihəsi üzrə platforma və sualtı qurğuların əksər hissəsinin faktiki olaraq Azərbaycanda inşa olunacaq. Bunun üçün Bakı yaxınlığında yerləşən tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanları təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün çoxprofilli bir nadir gəmi inşa ediləcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, həmin gəminin Bakıda yenicə istifadəyə verilmiş Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. Bunlar da Azərbaycan üçün yeni texnologiyalar, biliklər və potensial deməkdir. Ən mühümü isə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda işçi qüvvəsi üçün təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihənin digər iştirakçı ölkələr üçün də əhəmiyyətli olacaq. TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər ölkələrdə də minlərlə yeni iş yeri açılacaq, həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərəcək.
Sevindirici haldır ki, avropalıların bir çox nəsillərinə xidmət edəcək "Cənub" qaz dəhlizinin yaradılmasında ən böyük investorlardan biri SOCAR olacaq. ARDNŞ artıq bp və BOTAŞ-la birgə həyata keçirəcəyi TANAP layihəsində ən böyük investor və operator, Avropa şirkətləri ilə birlikdə inşa edəcəyi TAP layihəsində isə ən böyük investorlardan biridir. SOCAR, həmçinin, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində payını artırıb.
Məlumat üçün bildirək ki, "Cənub" qaz dəhlizinin tam gücü ilə işləməsi üçün "Şahdəniz-2" yatağından hasil olunacaq qazla yanaşı digər mənbələr də işə salınacaq. Yəni bu, enerji zəncirinin yalnız birinci halqası olacaq. Çünki Azərbaycanın qaz potensialı zəngindir, ona görə də, mövcud imkanları nəzərə alaraq, "ikinci qaz dalğasını" bu gün də aydın görmək olar.
Belə ki, Azərbaycanın enerji strategiyası son illərdə kəşf edilmiş yataqların, habelə ölkəmizin qaz potensialını daha da artıracaq bir neçə kəşfiyyat layihəsinin işlənilməsini nəzərdə tutur. "Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş "Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından tam istifadə ediləcək.
Bir sözlə, Azərbaycan yenidən dünya enerji siyasəti tarixində yeni səhifə yazdı. Ümummilli Lider Heydər Əliyev XX əsrin, Prezident İlham Əliyev isə XXI əsrin enerji müqaviləsini imzaladı və Avropanın energetik xəritəsində dəyişiklik etdi. Bununla da, Azərbaycan bir sazişlə 12 dövləti, 3 yarımadanı və 2 qitəni birləşdirdi və Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətli yol açdı.
"Səs" Analitik Qrupu