"Cənab Prezident İlham Əliyevin 10 illik prezidentlik dövründəki nailiyyətlər, irəliyə doğru atdığı addımlar o qədər çoxdur ki, sadalamaqla bitməz. Bu gün biz ölkə başçısının Azərbaycan xalqı üçün gördüyü işlər haqqında qürürla, şərəflə danışırıq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.Millət vəkilinin fikirlərinə görə, Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın: "Belə ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinin inkişafında da cənab İlham Əliyevin müstəsna xidmətləri var. İnsan həyatının, yaşam tərzimizin bir parçası olan mədəniyyətimizin inkişafı yönündə atılan addımlar, milli-mənəvi dəyərlərə sadiqlik prinsipi ilə tərəqqiyə doğru istiqamətlənib. Son 10 ildə mədəniyyət sahəsində daha uğurlu layihələrə imza atılıb. Bir çox beynəlxalq müsabiqələrə ev sahibliyi edilib. Demək olar ki, bütün mədəniyyət ocaqları, teatrlar son standartlara uyğun şəkildə yenidən təmir edilib. Sənət insanlarının, mədəniyyət xadimlərinin davamlı olaraq mükafatlandırılmasının hər biri məhz cənab İlham Əliyevin adı ilə bağlıdır".Jalə Əliyeva onu da qeyd etdi ki, Azərbaycan mədəniyyətinin, muğamının, rəsm sənətinin dünyada tanıdılmasında təbii ki, cənab Prezidentin ən böyük silahdaşı olan ölkənin birinci xanımı Mehriban Əliyevanın adını çəkməmək mümkün deyil: "Xüsusilə mədəniyyət sahəsində Mehriban xanımın ölkə başçısı ilə birlikdə yorulmaz, eləcə də uğurlu fəaliyyəti əvəzedilməzdir. İki il öncə Azərbaycanın "Avrovizion" mahnı müsabiqəsinə ev sahibliyi etməsi sadəcə sıradan bir ev sahibliyi deyildi. Bu eyni zamanda, dünyanın güc dövlətlərinin ölkəmizə göstərdiyi etimadın təzahürü, beynəlxalq aləmdə formalaşdırdığı müsbət imicinin göstəricisi oldu. Ölkəsinin hələ də ədalətsiz bir müharibə ilə üz-üzə qaldığı bir zamanda ən yüksək səviyyədə ev sahibliyini layiqincə yerinə yetirmək inkişafın ən yüksək zirvəsi oldu".Millət vəkili eyni zamanda onu da vurğuladı ki, bütün görülən işlər mədəni-mənəvi irsə verilən böyük bir töhfə, böyük bir qiymətdir.
sia.az