""Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasını müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarında biri kimi qiymətləndirirəm. Çünki bu ölkəmiz üçün tarixi bir hadisədir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, neft strategiyasının reallaşmasının uğurlu nəticələridir ki, biz bu gün iqtisadi cəhətdən daha müstəqil olmuşuq. Bir sözlə, bizim iqtisadiyyatımızın şaxələnməsi, alternativ marşurutların yaradılması istiqamətində bütövlükdə isə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsində çox böyük işlər görülüb.
""Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması isə heç şübhəsiz ki, XXI əsrin kontraktı sayılacaq. Layihə istər investisiya tutumu nöqteyi-nəzərindən, istərsə də nəticələrinə görə mühüm layihədir. Bu qazın ixrac olunması ilə Azərbaycan iqtisadiyyatına və yanacaq-energetika kompleksinə milyard dollarla investisiya qoyulacaq. Təsəvvür edin ki, 30 min yeni iş yeri yaradılacaq ki, bunlar da əsasən ixtisaslı işçilər olacaq. Bu layihə bir növ Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki iştirakını təmin edəcək. Azərbaycan bu gün investisiya qoyuluşu baxımından ən əlverişli regionlardan biridir. Məhz buna görə də qloballaşan dünya iqtisadi şəraitində, iqtisadiyyatında, tənəzzül proseslərinin hələ də davam etdiyi bir şəraitdə ölkəmizin bu böyük nəhəng kontrakta imza atması heç şübhəsiz ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı titanik fəaliyyətin, müstəqil siyasətin məntiqi nəticəsidir"- deyə, komitə sədri qeyd edib.
yap.org.az