Ötən 10 ili tam əminliklə müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi intibah illəri kimi səciyyələndirə bilərik.
Bu sözləri dekabrın 23-də "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda keçirilən konfransında maliyyə naziri Samir Şərifov demişdir.
Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərin statistikasını diqqətə çatdıran maliyyə naziri bildirmişdir ki, respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı real ifadədə 3,4, qeyri-neft sahələri 2,7, ümumi daxili məhsulun hər nəfərə düşən həcmi isə 3 dəfə artmışdır.
O cümlədən sənayə sahəsində 2,8, kənd təsərrüfatında 1,5, informasiya və rabitə xidmətlərində 9, xarici ticarət dövriyyəsində 8,8, pərakəndə ticarət dövriyyəsində 3,1 dəfə artım qeydə alınmışdır. Ölkə əhalisinin gəlirləri təxminən 7, orta aylıq nominal əmək haqqı 6,3, pensiyaların orta məbləği 8,6 dəfə artmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.
Ölkənin valyuta ehtiyatlarının təxminən 30 dəfə artaraq 50 milyard ABŞ dollarını üstələdiyini deyən S.Şərifov qeyd etmişdir ki, bu dövrdə iqtisadiyyata 150 milyard dollar həcmində sərmayə qoyulmuşdur.
yap.org.az