Dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Odur ki, hazırda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsinə çevrilmişdir. Bu çərçivədə son illərdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilmiş, 10-a qədər yeni hüquqi normativ akt qəbul edilmişdir.
Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin edilmişdir. Ötən illərdə yüz minlərlə əlil vətəndaşın sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Bu dövrdə Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxtda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzləri də tikilmişdir. Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir. Dövlətimizin başçısı və xanımı Mərkəzdə yaradılan şəraitlə tanış oldular. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, nazirliyin tabeliyində olan, əvvəllər Gənc Əlillərin Əmək və İstirahət evi adlanan bu müəssisə 1990-cı ildə 2 nömrəli internat evinin bazasında yaradılmışdır. Müxtəlif sahələrdə əmək vərdişləri qazanmaq üçün ayrı-ayrı bölgələrdən buraya gələn əlillər sonralar yaşadıqları rayonların Ermənistan tərəfindən işğal olunduğuna, həmçinin ailə qurduqlarına görə burada məskunlaşıblar. Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud insanlarla görüşdülər. Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud gəncləri mərkəzin açılışı münasibətilə təbrik edib:
"Mən sizi bu gözəl mərkəzin yenidən açılması münasibətilə təbrik edirəm. Tanış oldum, bütün şərait vardır. Burada həm reabilitasiya, həm peşə hazırlığı yüksək səviyyədə təşkil olunacaqdır. Artıq Bakıda fiziki imkanları məhdud olan gənclər üçün gözəl reabilitasiya və peşə mərkəzi yaradılıbdır. Əminəm ki, bizim gənclərimiz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Burada həm reabilitasiya kursları keçiriləcəkdir, həm də peşə sahibi olmaq üçün gözəl imkanlar vardır, qalmaq, işləmək üçün yüksək şərait yaradılıb. Əslində, belə mərkəzlərin yaradılması Azərbaycanda güclü sosial siyasətin aparılması deməkdir. Mən dəfələrlə demişəm ki, Azərbaycan sosial dövlətdir. Baxmayaraq biz artıq 22 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, sosial siyasət daim diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın təcrübəsi, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər. Çünki biz keçid dövrünü başa çatdırmışıq. Biz sovet sistemində yaşamışıq. Ondan sonra bazar iqtisadiyyatı sisteminə keçmişik. Ancaq biz vacib olan bütün sosial əlamətləri saxlamışıq və onları gücləndirmişik. Əminəm ki, bu sahə ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Sosial sahə hər bir ölkə üçün vacib olan sahədir. Sosial sahə hər bir insana təsir edir. Onun yaşayış səviyyəsinə təsir edir. Burada həm dövlət siyasəti düzgün aparılmalıdır, eyni zamanda, cəmiyyət də bu sahədə dövlətlə bir yerdə olmalıdır. Azərbaycan cəmiyyətində fiziki imkanları məhdud olan insanlara münasibət müsbətdir. Bu, cəmiyyətimizin əlamətidir. Heç də hər yerdə belə deyildir. Dövlət siyasəti də bu istiqamətdə aparılır. Burada müxtəlif peşələrə sahib ola biləcək gənclərin gələcəkdə işlə təmin edilməsi üçün də biz gərək səylərimizi əsirgəməyək. Burada təlim kursları keçəcək insanların gələcək taleyi ilə də biz gərək maraqlanaq. Dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin edilməsi məsələləri qanunvericiliklə tənzimlənir. Ancaq həyatda heç də hər zaman buna riayət edilmir. Ona görə, hesab edirəm ki, burada həm ciddi nəzarət olmalıdır, eyni zamanda, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi də öyrənilməlidir. O təcrübə müsbətdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə gənclər cəmiyyətdə özlərini rahat hiss etsinlər, cəmiyyətdən təcrid edilməsinlər və cəmiyyətin fəal üzvləri olsunlar."