Fransada ayda bir dəfə fransız dilində Azərbaycana həsr olunan radio proqramının dekabr ayında efirə gedən növbəti verilişində AzərTAc-ın materiallarından istifadə olunmuşdur.
Verilişin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Vyanada Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşü haqqında məlumat verilmişdir.
Verilişin "Xarici əlaqələr" bölməsində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Fransanın xarici ticarət naziri xanım Nikol Briki qəbul etməsindən ətraflı danışılmışdır. Dövlətimizin başçısının Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etməsi, fransız şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirmələri üçün hərtərəfli şərait yaradılmasına dair səsləndirdiyi fikirlər verilişdə yer almışdır.
Həmçinin fransalı nazirin Azərbaycanın ölkəsinin strateji tərəfdaşı olmasına, müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamasına dair fikirləri də səsləndirilmişdir.
Verilişdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən və əhəmiyyətdən də bəhs olunmuş, bu əlamətdar günlə əlaqədar bir neçə soydaşımızla telefon bağlantısı yaradılmışdır.
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun sədri, keçmiş nəqliyyat naziri Tierri Marianinin Azərbaycanla bağlı fransız mətbuatında dərc olunan məqaləsi verilişdə bütünlüklə səsləndirilmişdir.
Bundan başqa, ənənəvi olaraq ölkəmizdə nəşr olunan mətbu orqanların xülasəsi verilmiş, eyni zamanda, zəngin musiqimizdən parçalar səsləndirilmişdir.
AzərTAc