PDF Oxu

Siyasət

  • 53

Pakistanın “The Nation” qəzetində “İlham Əliyev: Biz müasir dövlət qururuq” adlı məqalə dərc edilmişdir

Pakistanın “The Nation” qəzetində “İlham Əliyev: Biz müasir dövlət qururuq” adlı məqalə dərc edilmişdir

Pakistanın ən çox tirajla nəşr olunan "The Nation" qəzetində "İlham Əliyev: Biz müasir dövlət qururuq" adlı məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirilmişdir ki, "1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkün seli ilə üzləşən, iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi total ümidsizlik ab-havasında yaşayan Azərbaycanın parlaq gələcəyinə inananlar az idi" sözləri ilə başlayan məqalədə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlarla inkişaf etdiyi bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Məqalədə Prezident İlham Əliyevin siyasi karyerası haqqında oxuculara ətraflı məlumat verilir, onun 2003-cü, 2008-ci və nəhayət 2013-cü illərdə keçirilmiş prezident seçkilərində yüksək səs çoxluğu ilə qələbələr qazandığı vurğulanır. Bildirilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik neft strategiyası Azərbaycanın sürətli inkişafına, xalqın rifahının yaxşılaşmasına gətirib çıxarmışdır.

Yazıda, həmçinin ölkədə qeyri-neft sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının inkişafından, nəqliyyat infrastrukturuna sərmayələrin qoyulmasından, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edilir. Diqqətə çatdırılır ki, Azərbaycan ilk süni peykini uğurla orbitə buraxmışdır.

Müəllif yazır ki, qısa müddət ərzində Azərbaycan regionun ən böyük sərmayəçisi olmuşdur. Dövlət tərəfindən yaradılmış Neft Fondunda toplanan gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə yönəlmişdir. Qeyd olunur ki, dövlət sosial sahəni daim diqqətdə saxlayır, təhsilin inkişafına qayğı nəticəsində minlərlə gənc xaricdə təhsil alır.

Yazıda Prezident İlham Əliyevin xarici siyasətinə də geniş yer ayrılır, Azərbaycanın aparıcı beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, Qərb və Şərq ilə bərabərhüquqlu münasibətlər qurması vurğulanır. Qeyd edilir ki, görülmüş işlər nəticəsində ölkəmiz beynəlxalq miqyasda özünəməxsus bir imic qazanmışdır. Məhz bu səbəbdən də bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilir.

Müəllif Prezident İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafına böyük önəm verdiyini, hər iki ölkənin beynəlxalq və regional təşkilatlarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini oxucuların diqqətinə çatdırır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən də bəhs edilir.

AzərTAc

Digər xəbərlər