İordaniyanın nüfuzlu "Orobanews.com" informasiya agentliyində dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə mərasimdə Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirak etdikləri bildirilir. Həmçinin imzalanmış sənədlərin, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərlərinin əhəmiyyətindən bəhs edilir.
Diqqətə çatdırılır ki, ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində dəyərləndirilən "Şahdəniz-2" yatağının işlənməsi çərçivəsində hasil ediləcək əlavə 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə ərazisindən Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql ediləcəkdir. İlk təbii qazın 2018-ci ilin sonlarında Türkiyəyə satılacağı nəzərdə tutulur. Bundan başqa, ARDNŞ və "Şahdəniz" tərəfdarları yatağın işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin 2048-ci ilədək uzadılması ilə bağlı şərtləri də razılaşdırmışlar. Layihə tərəfdaşları Pay Bölgüsü Sazişi sahəsindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəlmişlər.
AzərTAc