Estoniyanın Tartu Universitetinin Avropa Kollecinin təşkilatçılığı ilə Tallin Universitetində "Vilnüs Sammitinin Şərq tərəfdaşlığına təsiri və Estoniya üçün çağırışlar" mövzusunda seminar təşkil olunmuşdur.
Seminarda Tallində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, "Şərq tərəfdaşlığı" üzrə mütəxəssislər, universitetlərin professorları və tələbələri, eləcə də beyin mərkəzlərinin nümayəndələri iştirak etmişlər.
Müzakirələr Tartu Universitetinin Avropa Kolleci, Tallin Universiteti, Estoniya Diplomatiya Məktəbi, Tallin Texniki Universitetinin "Traderun" proqramı çərçivəsində təşkil edilmişdir. "Traderun" birgə təlim proqramının əsas məqsədi "Şərq tərəfdaşlığı" ölkələrində və Rusiyada mövcud siyasi reallıqları, biznes mühitini və mədəniyyət xüsusiyyətlərini təqdim etməkdən ibarətdir.
Müzakirələrdə iştirak edən Ermənistanın Litvada, eyni zamanda, Estoniyadakı səfiri A.Ayvazyan ölkəsinin regional əməkdaşlıqdan təcrid olunduğunu bildirmişdir.
Azərbaycanın Estoniyadakı səfirliyinin nümayəndəsi çıxış edərək bildirmişdir ki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti nəticəsində özünü təcrid vəziyyətinə salmışdır. Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, müasir Avropanın xəritəsində insan hüquqlarının ən kütləvi şəkildə pozuntusudur. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymur və öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkmir.
Səfirliyin nümayəndəsi tədbir iştirakçılarının diqqətini ölkəmizin sürətli inkişafına cəlb etmiş, Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinin Azərbaycanın payına düşdüyünü vurğulamışdır. O, ölkəmizin xarici valyuta ehtiyatlarının 50 milyard dolları keçdiyini, ötən 10 ildə yoxsulluğun səviyyəsinin 49 faizdən 5 faizə düşdüyünü, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq gördüyünü vurğulamışdır.
Azərbaycanın Avropa İttifaqı ilə müxtəlif sahələrdə inkişaf edən əməkdaşlığından danışan səfirliyin əməkdaşı ölkəmizin Aİ-nin enerji təhlükəsizliyinin təminində rolunu vurğulamışdır. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrindən ətraflı bəhs etmişdir.
AzərTAc