Nəsimi rayonunda "Azərbaycan gəncliyi 2013-2018: Yeni perspektivlər və yeni üfüqlər" adlı tədbir keçirilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, icra hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü Nəsib Məhəməliyev demişdir ki, son 10 ildə Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxmışdır. Bu gün Azərbaycan nəinki regionda, hətta dünya miqyasında xüsusi çəkiyə malik bir ölkəyə, lider dövlətə, nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibinə çevrilmişdir. Ötən 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu gün Azərbaycan xarici bazarlara nəinki neft və qaz, hətta qonşu dövlətlərə artıq elektrik enerjisi ixrac edir. Bütün bunlara Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində nail olunmuşdur.
Ölkəmizdə uğurlu gənclər siyasətinin aparıldığını deyən icra hakimiyyətinin başçısı bildirmişdir ki, bu gün təxminən üç min gənc dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır. Onlar təhsillərini bitirərək ölkəmizə qayıdacaq, öz bilik və bacarıqları ilə dövlət quruculuğu işlərinə töhfələr verəcəklər.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclərin uğurlu gələcəkləri üçün gözəl bir yol seçdiklərini bildirmişdir. O demişdir: "Siz gənclər ona görə xoşbəxtsiniz ki, öz gələcək taleyinizi ulu öndər Heydər Əliyevin, eyni zamanda, Azərbaycanı dünyaya tanıdan, onu bölgənin lider ölkəsinə çevirən Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlamısınız. Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamız sürətlə inkişaf edir, çiçəklənir, bütün rayonlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Bu gün Azərbaycan paytaxtı dünyanın ən gözəl və ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bütün bunlar Azərbaycan Prezidentinin son 10 ildə gördüyü işlərin nəticəsidir".
Azərbaycanın xarici siyasət sahəsində uğurlarından danışan M.İbrahimqızı ötən həftə Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasını xatırlatmışdır. O qeyd etmişdir ki, əgər 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanı bir enerji ölkəsi kimi dünyaya tanıtmışdırsa, son saziş ölkəmizin Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı kimi şöhrətini daha da yüksəltmişdir.
M.İbrahimqızı əldə olunan bütün bu nailiyyətlərin hər bir ölkə vətəndaşının, o cümlədən gənclərin qarşısında böyük məsuliyyət qoyduğunu demişdir. Bu gün Azərbaycan Avropa ölkələrinə investisiya yatıran, eyni zamanda, donor bir ölkəyə çevrilmişdir. Azərbaycan sərmayəsini Balkanlarda, eləcə də Avropanın digər inkişaf etmiş ölkələrində görmək mümkündür.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə diplomlar təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.
AzərTAc