"Hesab edirəm ki, atəşkəs rejiminin davam etdirilib-etdirilməməsi daha çox işğalçı ölkənin tutduğu mövqedən asılı olacaq"
"Hər iki ölkənin müharibə şəraitində olmasına və ümumən atəşkəs rejiminin gözlənilməsinə baxmayaraq, situasiya tamam başqadır. Məhz bu baxımdan 1994-cü ildə müharibə aktiv idi və hərbi əməliyyatlar dayandırıldı. İndi isə hər iki ölkə atəşkəs rejimindədir. Hesab edirəm ki, tərəflərin bu məsələdə qüvvəsi və mövqeyi bir qədər fərqlidir". Bunu SİA-ya millət vəkili Aydın Mizəzadə 2014-cü ildə Ermənistan-Azərbaycan arasında imzalanmış "Bişkek sülh" sazişinin müddətinin bitməsindən sonra Azərbaycanın atacağı addıma münasibət bildirərkən deyib."Bişkek sülh" sazişinin davam etdirilib-etdirilməyəcəyi mexaniki yolla həll edilə bilməz. Bunun üçün yenidən danışıqlar aparılmalı və gələcəyə dair planlar qurulmalıdır. Qeyd edim ki, Azərbaycan üçün sülh naminə sülh prinsipi qəbuledilməzdir. Bu atəşkəs rejimindən daha çox Ermənistan tərəfi faydalanıb. İşğalçı ölkənin nə iqtisadiyyatı, nə də resursları aparılan hərbi əməliyyatların tələbinə uyğun gələ bilməzdi. Ona görə də bu gün Azərbaycan əgər yenidən atəşkəs sazişinin uzadılmasına razılıq verəcəksə, bu zaman tələbləri əvvəlkindən daha sərt ola bilər. Əks halda, Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan ümumiyyətlə, atəşkəs rejimindən imtina edə bilər. 1994-cü ildən fərqli olaraq bu gün dövlətimizin çox güclü ordusu, güclü strateji vəziyyəti və ən əsası dünya ictimaiyyəti tərəfindən ərazisinin qəbul edilməsi faktı var. Yəni Azərbaycan indiki situasiyada məsələnin həllini açıq qoya bilər ki, bu da Ermənistan üçün indikindən qat-qat ağır problemlər yarada bilər. Bu mənada hesab edirəm ki, atəşkəs rejiminin davam etdirilib-etdirilməməsi daha çox işğalçı ölkənin tutduğu mövqedən asılı olacaq"- deyə, millət vəkili sözlərinə əlavə edib.
sia.az