"Regionların sosial iqtisadi inkişafına dair" birinci Dövlət Proqramının uğurla icra edilməsi Azərbaycanın bölgələrində inkişafın yeni əsaslarını yaradıb, tərəqqi prosesini sürətləndirərək, uğurlu mərhələyə keçməsini reallaşdırıb". SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə deyib.Onun sözlərinə görə, bu uğurların davamlığını təmin etmək üçün Prezident İlham Əliyev ikinci dövlət proqramını "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq edib: "Belə ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edib. Bu dövlət proqramında işsizliyin aradan qaldırılması əsas məsələlərdən biri kimi nəzərdə tutulub. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə həm də icrası başa çatmış əvvəlki proqram çərçivəsində başlanmış işləri davam etdirib. Məhz ikinci layihədə 2013-cü ilin sonuna qədər qarşıya real məqsəd qoyulub və həmin real məqsədlərə nail olunub. Bu layihədəki əsas məqsəd regionların tam sosial iqtisadi inkişafına nail olunmasını təmin etmək idi. 2001-2008-ci illər üçün qəbul olunmuş mərhələdə əsas infrastruktur layihələri üstünlük təşkil edib".Millət vəkili bildirib ki, birinci mərhələdə rayonların enerji təminatının fasiləsiz olması, su, qaz təminatının yaxşılaşdırılması, yolların çəkilməsi, körpülərin salınması, sosial obyektlərin formalaşmasına üstünlük verilirdisə, ikinci mərhələ birinci mərhələnin davamı olaraq, daha konkret sosial və iqtisadi rifaha uyğun istiqamətlənmiş proqramları özündə əks etdirib: "Turizmin, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və digər məsələlərin həlli baxımından Dövlət Proqramının əhəmiyyəti çox böyükdür. Xüsusən kənd yerlərində emal sənayesinin qurulması, aqrar sektorun inkişafı, bu sektordan əldə olunan məhsulun saxlanması üçün böyük soyuducu anbarların olması, onların satışının ölkə daxilində və kənarda təmin olunmasına gətirib çıxarıb".İkinci layihənin təkcə Azərbaycanın daxilində turizm potensialının inkişaf etməsinə deyil, eyni zamanda başqa ölkələrdən turist axının güclənməsinə xidmət etdiyini də deyən Musa Quliyev qeyd edib ki, proqram çərçivəsində Qusarda, Daşkəsəndə, Qəbələdə qış turizmi yaradılıb: "2003-cü ildən bu günə qədər Azərbaycanda 1 milyondan çox yeni iş yerləri açılıb. Daimi iş yerlərinin də əksəriyyəti məhz regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı olub. Bu isə Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması eyni zamanda, əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxarıb. Qısa müddət ərzində istər Bakıda, istərsə də regionlarda yoxsulluq dərəcəsi sürətlə aşağı düşüb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurlu bir layihə idi və Azərbaycanın XXI əsrdə inkişafının təməl daşlarından biri olub. Azərbaycanın bölgələri beynəlxalq səviyyəyə çıxa biləcək potensiala malikdir. Bunun üçün isə bir çox işlər görülür və lazım tədbirlər həyata keçirilir".
sia.az