"Regionların sosial iqtisadi inkişafına dair" Dövlət Proqramının uğurla icrası regionların soisal-iqtisadi inkişafına yardım edib". SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.Onun sözlərinə görə, yeni proqramın qəbul edilməsi ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edib: "Bu dövlət proqramında işsizliyin aradan qaldırılması əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması üçün yeni müəssisələr açılıb, demək olar ki, işsizlik problemi aradan qaldırılıb. Ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə həm də icrası başa çatmış əvvəlki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edir. Dövlət Proqramı əsasında bölgələrimizdə evlərin su-kanalizasiya sistemi yenidən qurulub və bəzi yerlərdə bərpa işləri aparılıb, elektrik enerjisinin verilməsində keyfiyyət yaxşılaşdırılıb, kənd yolları yenidən çəkilib, müasir tələblərə uyğun park və xiyabanlar salınıb. Birinci dövlət proqramı əsasən bölgələrin infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunub. Bu proqram həyata keçirilməsi nəticəsində bir çox iş yerləri açılıb. İkinci dövlət proqramında isə su-kanalizasiya sisteminin qurulması, yolların çəkilməsi əsas prioritet kimi götürülüb ki, bütün rayonlarda su-kanalizasiya sistemi yenidən qurulub. Bununla bərabər yeni müəssisələrin yaradılması, iri sexlərin, kənd təsərrüfatının emalı ilə əlaqədar sənaye müəssisələrinin yaradılması, soyuducu anbarların tikilməsi məsələsi idi. Bu məsələ ilə əlaqədar olaraq təbii ki, yeni iş yerləri də yaradılıb".Millət vəkili qeyd edib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bölgələrə daha çox kənd təsərrüfatının inkişafına diqqət ayrılıb: "Azərbaycanın sənaye şəhərləri olan Sumqayıt, Gəncə və Qaradağ rayonuna diqqət yetirilir. Burada sənaye inkişaf edib. Bununla əlaqədar olaraq bölgələrimizdə xırda müəssisələr, istehsal sahələri yaradılır. Bu proqramları ümumilikdə yüksək qiymətləndirirəm və demək olar ki, proqramın 90%-i həyata keçirilib".
sia.az