PDF Oxu

Siyasət

  • 88

Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublika Konstitusiyasının qəbul edilməsinin 15 illiyi qeyd edilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublika Konstitusiyasının qəbul edilməsinin 15 illiyi qeyd edilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası (MR) Konstitusiyasının qəbul edilməsinin 15 illiyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir.

İnstitutun mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, rektor, professor Oruc Həsənli Naxçıvanın muxtariyyətinin əsaslarının hazırda qüvvədə olan 1921-ci il 16 mart Moskva və 1921-ci il 13 oktyabr Qars beynəlxalq müqavilələri ilə qoyulduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Bildirilmişdir ki, 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilmiş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilmişdir.

Sonra konfransda institutun humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlının, "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin ictimai-tarixi şəraiti", riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Rövşən Vəliyevin "Qanunumuz haqq yolumuzdur" mövzularında məruzələri dinlənilmişdir.

AzərTAc

Digər xəbərlər