"Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır". Bu fikri səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev bildirib ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qanunverici strukturlarına seçilməsi xoş bir ənənəyə çevrilib. Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq ardıcıl olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu təşkilatın ali orqanlarında təmsil olunur.
"2013-cü ilin may ayında ÜST İcraiyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan səhiyyəsinin rəhbəri İcraiyyə Komitəsinin Birinci Vitse Prezidenti seçilmişdir. Beynəlxalq qurumlarla (ÜST, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Qlobal Fond, Qlobal Alyans və s.) əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində müxtəlif proqram və layihələr həyata keçirilir. Bununla yanaşı Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya və Litva və digər ölkələrlə səhiyyə və tibb elmi sahəsində imzalanmış ikitərəfli müqavilələr əsasında əməkdaşlıq aparılır"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az