Dnepropetrovsk vilayətində "Oqni Azerbaydjana" qəzetinin 12-ci - bayram buraxılışı (N 125, 2013-cü il) çapdan çıxmışdır. "Ukrayna Azərbaycanlıları Liqası" (UAL) vilayət təşkilati qəzetinin yeni nömrəsinin, demək olar ki, bütün səhifələrini Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr edilmiş şəkillər olan yazılar – "Prezidentə jurnalist mükafatı verilmişdir", "Prezidentin doğum günü" və başqa materiallar bəzəyir. Bu materiallar Ukrayna oxucusuna Avropada və dünyada ən populyar siyasətçilərdən biri olan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatdakı fantastik sıçrayışından və ölkənin siyasi nüfuzundan söhbət açır.
Qəzet həmçinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən, "İlin peşəkarı" regional müsabiqəsində "Ən yaxşı ictimai təşkilat rəhbəri" nominasiyasında UAL-in sədri Sərxoş İsmayılovun qələbəsindən bəhs edir. "Hikmət Cavadov: "Biz Ukraynaya minnətdarıq" sərlövhəsi altında "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Təşkilatının rəhbəri ilə müsahibə dərc olunmuşdur. Qəzetin "Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas mənbəyidir" və "Qeyri obyektliyin və səriştəsizliyin bədnam sübutu" sərlövhəli məqalələrində isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.
Məlum olduğu kimi, Dnepropetrovsk brendi sayılan "Petrikov naxışı" dünyanın 95 ölkəsindən YUNESKO Komitəsinin tərkibinə daxil olan 600 ekspert tərəfindən yüksək qiymətləndirilmişdir və Azərbaycan tərəfinin dəstəyi ilə ona YUNESKO-nun bu il dekabrın 2-8-də Bakıda keçirilmiş sessiyasında qeyri-maddi mədəni irs statusu verilmişdir. "Petrikovka" Bakıda Argentina tanqosuna qalib gəlmişdir" sərlövhəli materialda Bakı sessiyasının nümayəndəsi, Dnepropetrovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarovdan söhbət açılır.
Bu günlərdə Dnepropetrovskda işgüzar səfərdə olmuş Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli AzərTAc-a müsahibəsində Dnepropetrovsk vilayətindəki diasporumuza yüksək qiymət vermişdir.
Diplomat Dnepropetrovsk vilayətində həmvətənlərimizin sıx birləşməsində Fəxrəddin Muxtarovun, Sərxoş İsmayılovun, Ukrayna Azərbaycanlıları Konqresinin vilayət təşkilatının sədri Qüdrət Hacıyevin və diasporun digər fəallarının böyük xidmətləri olduğunu bildirmişdir.
AzərTAc