"Hadisələrin gedişi onu göstərir ki, müharibədən başqa yolumuz yoxdur"
"Dağlıq Qarabağın azərbaycanlı icması hər zaman erməni tərəfi ilə görüşməyə hazırdır. Ancaq Ermənistan hakimiyyəti Dağlıq Qarabağın erməni icmasının bizimlə görüşünə maneçilik törədir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.Onun sözlərinə görə, bu görüş baş tutsa, artıq Ermənistan prezidenti ermənilərə lazım olmayacaq: "Bu faktı Serj Sarkisyan və ətrafındakılar yaxşı bilirlər. Çünki, biz Dağlıq Qarabağda yaşayan ermənilərlə danışıqlar aparsaq Ermənistan prezidenti ermənilər üçün lazım olmayacaq. Hesab edirəm ki, icmalar arasında üç görüşdən sonra Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyəcəklər və vətəndaşlığımızı qəbul edəcəklər".B.Səfərov deyib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda yaşayan ermənilərə hər zaman təhrif olunmuş informasiyalar çatdırır: "Azərbaycanda çoxlu miqdarda azsaylı xalqlar yaşayır, onlardan biri də ermənilərdir. Ancaq bu fakt orada yaşayan ermənilərə təhrif olunmuş şəkildə çatdırılır. Dağlıq Qarabağda yaşayan ermənilər bilsinlər ki, onlar da Azərbaycan vətəndaşlığın qəbul edərək ölkəmizdə yaşayan azsaylı xalqlara göstərilən diqqətdən yararlana bilərlər. Yox, əgər onlar Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirlərsə, işğal olunmuş torpaqlarımızdan çıxmalıdırlar. Çünki Dağlıq Qarabağ Azərbaycanındır və biz ermənilərin işğal etdikləri torpaqlarımızda onları qovacağıq".B.Səfərov qeyd edib ki, artıq gənc nəsil sülhü gözləməkdən yorulduqlarını bəyan edirlər: "Azərbaycan ordusunda xidmət edən gənclərimiz işğal edilmiş torpaqlarımız uğrunda döyüşə hazırdır.Ancaq biz istəmirik ki, gənclərimiz növbəti dəfə müharibədə həlak olsunlar. Hadisələrin gedişi onu göstərir ki, müharibədən başqa yolumuz yoxdur".
sia.az