İlham ƏLİYEV: "Şahdəniz-2" layihəsi regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir"
Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş "Şahdəniz" yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 17 ildən artıq vaxt ötür. Qeyd edək ki, bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Xatırladaq ki, birinci mərhələdə "Şahdəniz" yatağındakı zəngin qaz-kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, "Şahdəniz" qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir. Dekabrın 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanmsı ilə "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Adıçəkilən yatağın ikinci işlənmə mərhələsi çərçivəsində ilk qazın əldə edilməsi isə 2019-cu ilə planlaşdırılır.
Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən gerçəkləşmiş layihə
Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən "Şahdəniz" dünyanın ən iri enerji layihəsidir. Dekabrın 17-də sözügedən layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq".
Dövlət başçısı 19 il əvvəl - Azərbaycanın enerji strategiyasının həyata keçirilməyə başladığı 1994-cü ildə baş verən hadisələri xatırlayıb. Azərbaycan Prezidentinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində müstəqilliyin əldə edilməsindən cəmi üç il, Azərbaycanda vətəndaş müharibəsinin başa çatmasından bir il və Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə olunmasından dörd ay sonra Azərbaycan əcnəbi tərəfdaşlarla birgə "Əsrin müqaviləsi"ni imzaladı. Bu müqavilə ilk dəfə olaraq Xəzər regionunu xarici investisiyalar üçün açdı və Azərbaycanın uğurlu iqtisadi inkişafını təmin etdi. Prezident İlham Əliyev bildirib ki, bu, 20-ci əsrin müqaviləsi idi. Dövlət başçısının sözlərinə görə, "Şahdəniz" layihəsi, çox güman ki, 21-ci əsrin layihəsi adlandırılacaq.
Son 10 ildə qeyri-neft sektorunun inkişafı
Azərbaycanda ötən 10 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son 10 ildə ölkədə qeyri-neft sektorunda artım 2,7 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 10 ildə ölkədə 1 milyon 200 mindən yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
"Şahdəniz-2" investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur"
Ekspertlərin fikrinə görə, "Şahdəniz-2" investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur. İkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Amma anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit ölkələr üçün də əhəmiyyətlidir. Əvvəla, xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanır. İkincisi, benfisiar ölkələr mavi qaza olan tələbatının tam və ya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksəldiləcək.
Avropaya dördüncü böyük təbii qaz dəhlizi
Ekspertlərin sözlərinə görə, "Şahdəniz-2" sazişi Avropaya dördüncü böyük təbii qaz dəhlizinin açılması deməkdir və mühüm strateji əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Cənub Dəhlizi kəməri Xəzər qazını Avropaya daşıyacaq. Eyni zamanda Avropanın 2019-cu ilin sonundan başlayaraq ildə 10 milyard kubmetr qaz alması deməkdir. Həmçinin, bu layihə bütöv regionun enerji xəritəsi dəyişəcək.
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. "Qara qızıl"ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir. Bu nəticələr isə, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə qüdrətli dövlət kimi mövcudluğunun təminatıdır.
RƏFİQƏ KAMALQIZI