PDF Oxu

Siyasət

  • 52

Stokholmda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı bayram tədbiri keçirilmişdir

Stokholmda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı bayram tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveçdəki Azərbaycan diaspora təşkilatlarının iştirakı ilə dekabrın 28-də Stokholmda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı bayram tədbiri keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov tədbiri giriş sözü ilə açaraq, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyata keçirdiyi milli siyasət və azərbaycançılıq ideologiyasından danışmış, Ümummilli liderin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi ilə bağlı verdiyi sərəncamın dünyanın müxtəlif guşələrində yaşayan 10 milyonlarla azərbaycanlının Azərbaycan naminə bir yumruq kimi birləşərək əməli işlər həyata keçirmək istiqamətində atılmış tarixi bir addım olduğunu bildirmişdir.

Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini bildirən səfir, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində milli mənafelərimizin müdafiəsi, ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideologiyası ətrafında xalqımızın daha sıx birləşdiyini vurğulamışdır.

Səfir Azərbaycanın dünyadakı bütün azərbaycanlılar üçün Ana Vətən, doğma ocaq olduğunu qeyd etmiş, hər bir azərbaycanlının bu millətin övladı olması ilə fəxr etməyə haqqının olduğunu bildirmişdir.

İsveçdəki "Azərbaycan Federasiyası" diaspor təşkilatının rəhbəri Səttar Sevgin də çıxış edərək, İsveçdəki Azərbaycan diaspora təşkilatının fəaliyyətindən danışmış, Azərbaycanın təbliği ilə bağlı daha çox işlərin aparılmasına ehtiyac olduğunu vurğulamışdır.

Sonra tədbir Azərbaycan mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etmişdir.

AzərTAc

Digər xəbərlər