PDF Oxu

Siyasət

  • 69

Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir

Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir

Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən muzeyin direktoru Leyla Əliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün artıq 22 ildir ki qeyd olunduğunu və soydaşlarımızın milli mənlik şüurunun daha da gücləndirilməsinə mühüm təsir göstərdiyini vurğulamışdır.

L.Əliyeva demişdir: "M.F.Axundzadənin ev-muzeyi vaxtilə Ümummilli Liderimizin təşəbbüsü ilə bərpa olunmuş, sonradan SOCAR-ın dəstəyi ilə əsaslı təmir edilib müasir formasını almışdır. Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin daimi qayğı və diqqətini hiss edir, Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən qürur duyurlar".

Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirinin birinci müavini Marina Mizandari Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yalnız Azərbaycanda deyil, ümumən bölgədə sabitliyin bərpa olunduğunu qeyd etmişdir. Nazir müavini demişdir ki, Yeni il ərəfəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması müdrik siyasətçi Heydər Əliyevin dərin təfəkkürünün nəticəsidir və xalqın birliyinin təmin olunmasına, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına xidmət edir.

M.Mizandari Tbilisidəki Azərbaycan Mədəniyyət Muzeyinin xalqlarımızın ümumi mədəniyyət ocağına çevrildiyini bildirmiş, Gürcüstan azərbaycanlılarının mədəni irsinin qorunub saxlanması istiqamətində nazirliyin hərtərəfli dəstək göstərəcəyini diqqətə çatdırmışdır.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Qurban Abbaslı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə iştirakçıları təbrik etmiş və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş bu günün müstəqil Azərbaycanın ən yeni tarixində şərəfli yer tutduğunu vurğulamışdır.

Tbilisi şəhərindəki M.F.Axundzadə adına 73 nömrəli Azərbaycan ümumi məktəbinin direktoru Salman Pirməmmədov xaricdə yaşayan soydaşlarımıza qayğı və diqqətin Azərbaycan dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyindən məmnunluq duyduğunu və ölkənin ərazi bütövlüyünün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bərpa olunacağına əminliyini ifadə etmişdir.

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

AzərTAc

Digər xəbərlər