Tarixin 2013-cü ili, yaxud 2013-cü ilin zəngin tarixi
Azərbaycan yalnız humanitar deyil, iqtisadi forumların da mərkəzi olduğunu təsdiqlədi
Artıq 2013-cü ilin başa çatmasına saatlar qalır. Məhz bu saatların cilalanmasından yaranan günlər, aylar illəri tariximizə mühüm hadisələrlə daxil edir. 2013-cü ilə baxış fonunda 2014-cü ildən gözləntilərimizi diqqətdən keçirək.
İqtisadiyyatın hər bir inkişafın təməl daşı kimi dəyərləndirilməsi öncə bu istiqamətdə əldə etdiyimiz uğurlara nəzər salmağı zəruri edir. Ötən il ölkəmizdə keçirilən II Beynəlxalq Humanitar Forumda səsləndirilən bu fikri xatırlatmaq istərdik - iqtisadi forumların daimi mərkəzi hesab olunan Davos kimi Azərbaycan da humanitar forumların daimi məskəni adını qazanacaq. Bu gün isə böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan nəinki humanitar, eyni zamanda iqtisadi forumların da mərkəzidir. "Biz, əlbəttə, iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə də iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar biri-birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər görürük", deyə vurğulayan Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmizdə inkişaf davamlı dinamika ilə seçilir. Son illərdə iqtisadiyyatımız üç dəfə, yəni 300 faiz artmış, sənayedə liberallaşma prosesi sürətlənmiş, sosial problemlərin həllinə diqqət daha da çoxalmışdır. Ölkədə aparılan islahatlar nəticəsində yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. 2013-cü ildə dövlət büdcəsində sosial yönümlü gəlirlərin artması əməkhaqqı və təqaüdlərin yüksəldilməsinə şərait yaradıb. İxracı idxaldan bir neçə dəfə yüksək olan ölkəmizin ÜDM-in 70 faizini təşkil edən strateji valyuta ehtiyatları 50, dövlət büdcəsi 25 milyard dollara çatdırılmış, qeyri-neft sektorunda artım cari ilin ötən dövründə 5,4 faiz təşkil edib. Ölkədə İKT-nin inkişafına göstərilən diqqətin bariz nümunəsi Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin informasiya texnologiyaları ili elan olunması, kosmik sənayenin inkişafının nəticəsi kimi ilk peykimizin orbitə buraxılmasıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsində də məqsəd bu günə qədər 3 dəfə artan iqtisadiyyatımızı qarşıdakı on ildə daha 2 dəfə artırmaq, ölkəmizi adambaşına düşən, yüksək gəlirli ölkəyə çevirməkdir.
Məhz bu uğurlarımız Ümumdünya İqtisadi Forumunun ölkəmizdə keçirilməsini şərtləndirdi. Məlum olduğu kimi, cari ilin yanvarında "Dayanıqlı dinamizm"" devizi altında keçirilən 43-cü Davos İqtisadi Forumunda qurumun icraçı sədri Klaus Şvabın təklifinə əsasən Ümumdünya İqtisadi Forumunun aprel ayında Bakıda keçirilməsi qərara alındı. K. Şvab ümidvar olduğunu bildirmişdir ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir. Bu inamı şərtləndirən amillər isə məlumdur. Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Təbii ki, keçirilən beynəlxalq səviyyəli tədbirlər zamanı prioritetlərin müəyyənləşdirilməsində ötən dövr ərzində əldə olunan uğurların rolu inkaredilməzdir. Səylərin birləşdirilməsi uğurlara yol açan əsas amil kimi önə çəkilmişdir. Nəzərə alsaq ki, hər bir dövlətin öz inkişaf strategiyası mövcuddur, ümumi müzakirələr əsasında mövcud problemlərin aradan qaldırılması üçün həmin modellərdən istifadə etməyə böyük zərurət duyulur. Bu ilin tam olaraq mövzusu dinamizmdir. Dünyanı bürüyən, nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranının yaşanmasında da hər bir ölkənin hansı imkanlara malik olduğu özünü qabarıq şəkildə büruzə verdi. Azərbaycanın şaxələndirmə siyasətini yüksək səviyyədə həyata keçirməsi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini öndə saxlayaraq mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirməsi maliyyə imkanlarının genişlənməsində əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev Davosda "CNN-İnternational" televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün bizim iqtisadiyyatımız çox sabitdir: "Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir." Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək uğurlarımızın gələcək illər barədə aydın təsəvvür yaratdığını diqqətə çatdırmışdır.
Daim beynəlxalq səviyyədə qeyd edildiyi kimi, Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib. Dövlət başçısı İlham Əliyevin qeyd olunan müsahibədə söylədiyi "Ölkə inkişaf edir. Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik. Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır" fikirləri Ümumdünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünün təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir. Bu kontekstdən yanaşdıqda Forumun Azərbaycanda keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə bəlli olur. Keçirilən görüşlərdə bu fikir xüsusi qeyd edilmişdir ki, çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edir. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin ümumi həcmi təqribən 140 milyard dollardır. Təkcə cari ilin ötən dövründə bu rəqəm 17,7 milyard dollardır. Bu onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, yalnız neft və qazla bağlı deyil. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətə davamlılığına görə 148 ölkə arasında 39-cu yerdədir.
Uğurlarımızı şərtləndirən əsas amillərdən biri məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsidir. Bu gün ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verən ARDNŞ-in adının beynəlxalq şirkətlər sırasında çəkilməsi onun nüfuzunun göstəricisidir. Eyni zamanda ARDNŞ-in bu və ya digər ölkələrdə həyata keçirdiyi uğurlu investisiya layihələri də beynəlxalq nüfuzuna böyük təsir göstərir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger 43-cü Forum çərçivəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə keçirdiyi görüşdə qurumun fəaliyyətini yüksək dəyərləndirərək bu fikri xüsusi qeyd etmişdir ki, ARDNŞ-i yalnız və yalnız uğur izləyir. Təbii ki, şirkətin bu gün malik olduğu imkanlar istənilən layihəni həyata keçirməsinə zəmin yaradır.
Beynəlxalq səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi baxımından Azərbaycan xoşbəxt ölkə kimi dəyərləndirilir. Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumda da Azərbaycan haqqında xoş sözlər deyildi. Qeyd olundu ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. 70 ölkədən 800-ə yaxın nümayəndənin qatıldığı Forumda qeyd edilmişdir ki, qitələri birləşdirən Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsində, AŞPA-nın və İƏT-in üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. "Dünyada bir neçə ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxdıqda Avropa ölkəsi kimi təqdim edilir. Yəni deyə bilərəm ki, Azərbaycanda bu sintez- mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir" söyləyən Prezident İlham Əliyev bildirir ki, güclü dövlət bizim ümummilli fikrimiz, ideyamızdır ki, bu təməlin əsasını da insana qayğı təşkil edir. Qeyd olunduğu kimi, Azərbaycan bu forumu təşkil etməklə ciddi uğura imza atmışdır. Forum dünyanı narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır. Bakıda müxtəlif dinləri təmsil edən ali rəhbərlərin iştirakı ilə keçirilən sammitlərdə də belə bir fikir səsləndi ki, Azərbaycan tolerant, multikulturalizm meyillərinin gücləndiyi iqtisadi inkişafı ilə fərqlənən ölkədir. Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər davamlılığı ilə diqqət çəkmişdir. Ümumiləşdirilmiş ifadə budur ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan həyata keçirdiyi uğurlu layihələri ilə ölkələr, xalqlar arasında körpü rolunu oynayır, həyata keçirdiyi siyasəti ilə hər zaman bu missiyanın möhkəmləndirilməsinə səy göstərir. Fərəhlə demək olar ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında iqtisadiyyatı investisiya reytinqi almış ilk və yeganə ölkədir. Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə 39-cu, MDB-də birinci yerdədir. Əsas reytinq agentliklərindən olan "Fitch", "Standart & Poors", "Moodys" Azərbaycanın kredit reytinqlərini artırırlar. Bu uğurlar gələcəyə nikbinliklə baxmağa əsas verir.
Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir
2013-cü il enerji sektorunda da mühüm uğurlarla yadda qaldı. "Enerji sahəsində bizim təşəbbüslərimiz həlledici rol oynayır. Bizim təşəbbüslərimiz əməkdaşlığa yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyildir. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir. Bu, bizim üstünlüyümüzdür." deyən dövlət başçısı İlham Əliyev ölkəmizin enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edərək, bu fikri xüsusi qeyd edir ki, əldə olunan üstünlüklər göydəndüşmə deyil: "Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı."
Uğurlu başlanğıc layihələrin davamlılığını təmin edir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi nəinki iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "Əsrin müqaviləsi" imzalanmasaydı, BTC və BTƏ neft-qaz layihələrindən, eyni zamanda "Cənub qaz dəhlizi"ndən danışmaq belə mümkün deyildi. Ölkəmiz tərəfindən irəli sürülən layihələr böyük beynəlxalq dəstəyə malikdir. Ötən il TANAP, cari ildə isə Transadriatik qaz kəməri (TAP) layihəsinə start verildi. Cari ilin mühüm uğurlarından biri "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması oldu. İlkin hesablamalara görə, "Şahdəniz-2" və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Təbii ki, bu investisiyalar neft-qaz sektoruna, xidmət sektoruna öz müsbət təsirini göstərəcək. Transanadolu Boru kəmərinin səhmdarları , ARDNŞ (80 faiz), Türkiyənin Botaş və TPAO (20 faiz) şirkətləridir. 2017-ci ildə Azərbaycanın "Şahdəniz-2" yatağından nəql olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri isə Avropa dövlətlərinin tələbatının ödənilməsi üçün nəzərdə tutulur.
Məlumdur ki, cari ilin iyun ayında "Şahdəniz" konsorsiumu tərəfindən "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Transadriatik Boru Kəmərinin (TAP) seçilməsi elan olundu. TAP "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində önəmli mərhələ kimi dəyərləndirilir. TAP layihəsinin səhmdarları İsveçrənin "Axpo" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON" (15 faiz) şirkətləridir. Beynəlxalq səviyyəli tədbirlərdə bu fikir xüsusi qeyd edilir ki, TAP layihəsinin seçilməsi ilə bağlı verilmiş qərar Azərbaycan hökumətinin siyasi iradəsinin və liderliyinin göstəricisidir.
BP-nin beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Qreq Saunders Azərbaycanı dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biri kimi xarakterizə edir. O, "Əsrin müqaviləsi"nin imzalanması və reallaşdırılması ilə Azərbaycanın enerji siyasətinin birinci hissəsinin uğurla başa çatdırıldığını, ikinci hissə olan TAP layihəsinin isə böyük perspektiv və imkanlar vəd etdiyini bildirir. Dövlət başçısı İlham Əliyevin XXI əsrin müqaviləsi kimi dəyərləndirdiyi "Şahdəniz-2" layihəsi çoxtərəfli əməkdaşlıq əlaqələrinin başlanğıcı kimi qeyd edilir. Gələcəkdə layihənin coğrafiyasının genişləndiriləcəyi bildirilir. Bu əminlik ifadə edilir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Eyni zamanda bu da bildirilir ki, imzalanan sazişlər öz növbəsində ölkəmizə ilk enerji layihələrindən daha çox fayda gətirəcək. Çünki əvvəllər bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. Nəticə etibarilə Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Bu uğurlar onu deməyə əsas verir ki, ölkəmizin neft-qaz sənayesinin gələcəyi uğurludur.
Reallıqların bələdçisi: Azad mətbuat
Cari il iyulun 22-də Milli Mətbuat Günündə jurnalistər üçün yaşayış binasının istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, daim ilklərə imza atan Azərbaycan bu sahədə də birincidir. Hər zaman qeyd etdiyimiz kimi, bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Bu tərəqqi mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir. Dövlət başçısı İlham Əliyevin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın bu il tikilərək jurnalistlərin istifadəsinə verilməsi dünyada analoqu olmayan bir hadisədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq işlərin davam etdirilməsi məqsədilə imzaladığı növbəti "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanaraq, ölkədə mətbuatın inkişafına dövlətin nə qədər böyük həssaslıqla, diqqətlə yanaşdığının bariz nümunəsi kimi dəyərləndirildi.
Bu ilin mühüm reallığı özündə ehtiva edən hadisələrindən biri də möhtərəm İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi oldu. Belə ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sentyabr ayında təşkil etdiyi sorğuda ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri əsasında ölkə Prezidenti İlham Əliyev 89 faizlə qalib olmuşdur. Möhtərəm Prezidentimizin ikinci dəfə bu mükafata layiq görülməsi onun azad mətbuatın inkişafına göstərdiyi davamlı qayğının təzahürüdür. Möhtərəm İlham Əliyev noyabrın 24-də mükafatın təqdim olunması mərasimində bir daha qeyd etmişdir: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim."
2013-cü il: "İnformasiya-kommunikasiya texnologiyaları ili"
Hər ilin ölkəmizdə konkret bir sahənin adı ilə bağlanması hərtərəfli inkişafın dövlət siyasətinin əsasını təşkil etdiyini təsdiqləyir. Bu günümüzün reallıqları bir daha bu gerçəkliyi də təsdiqləyir ki, Azərbaycan təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilib. Cari ilin əvvəlində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması da iqtisadi tərəqqiyə əsaslanan uğurlarımızdandır. Yeni texnologiyaların tətbiqi bütün sahələrdə nailiyyətlərin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet məsələ kimi öndə saxlanılması, 2013-cü ilin "İKT ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Bu hadisə onu göstərdi ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. Bu günlərdə Bakıda "BakuTel-2013" XIX ənənəvi Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin keçirilməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Sərginin ildən-ilə genişlənməsi, iştirakçılarının sayının artması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu sərgi ilə neft-qaz sərgisinin müqayisəsini aparan dövlət başçısı İlham Əliyev bildirir: "Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. "Bakutel" də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq."
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın müasir texnologiyaların tətbiqinə verdiyi önəm yüksək dəyərləndirilir. Məlum olduğu kimi, Ümumdünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan texnoloji səviyyə parametri üzrə 148 ölkə sırasında 11 pillə yüksəlmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son on ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk on ölkə sırasındadır.
Azərbaycan xalqı son on ildə görülən işlərə öz yüksək qiymətini verdi
Bu il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə ilə yadda qaldı. 9 oktyabr prezident seçkiləri ölkədə demokratik islahatların təntənəsi olmaqla yanaşı, xalqın Prezidentinə, eyni zamanda ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasına inamını ortaya qoydu. Bu ilin iyun ayında Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilərək, ölkə Prezidenti İlham Əliyevin namizədliyi irəli sürüldü. Qurultayda möhtərəm İlham Əliyev son on ildə ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini qeyd edərək bildirdi ki, bugünkü Azərbaycan ümummilli liderin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilib.
Nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının istər seçkilərə hazırlıq mərhələsində, istərsə də səsvermədə yüksək fəallığı, ən əsası partiyanın namizədi möhtərəm İlham Əliyevin son on ildə gördüyü işlər, əldə olunan uğurlar qələbə üçün stimul oldu. Ölkəmizdə demokratik şəraitin mövcudluğu hər bir siyasi partiyanın seçkilərə öz namizədi ilə qatılmasında, təbliğat-təşviqat prosesini lazımi səviyyədə həyata keçirməsində özünü təsdiqlədi. Hər zaman qeyd olunan bu fikri xüsusi vurğulamaq istərdik- Siyasət real məsələlər, konkret işlərdir. Ölkə ictimaiyyəti reallığa yüksək dəyər verərək, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanımızın gələcək uğurlarının davamlılığını təmin etmək üçün düzgün seçim etdi, seçki hüququndan istifadə edərək inkişafa dəstək oldu. Möhtərəm İlham Əliyevin seçkilərdə yenidən qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, xalqımızın Heydər Əliyev siyasətinə inamı böyükdür, gələcəyə böyük inamla addımlayır.
Andiçmə mərasimində dövlət başçısı İlham Əliyev son on ilin uğurları fonunda qarşıdakı illər üçün hədəfləri açıqladı: "Bu gün Azərbaycanın birmənalı siyasəti- cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır." Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında başlıca hədəf ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görməkdir. Qarşıdakı 10 ildə bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılması prioritet məsələ kimi öndədir. İqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir.
Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri də xatırlatmaq istərdik: "Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövlət qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir. Ancaq buna baxmayaraq... Azərbaycanın uğurlu inkişafını həzm edə, qəbul edə bilmirlər, uğurlarımıza qısqanclıqla, paxıllıqla yanaşırlar... Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik və dönməyəcəyik... Azərbaycan öz inkişafı, öz qətiyyəti ilə, bölgədə gedən proseslərə öz münasibətilə sübut edib ki, biz müstəqil dövlətik və biz öz maraqlarımızı qoruya bilirik." 9 oktyabr prezident seçkiləri Azərbaycanın müstəqil, demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Atılan hər bir addımın ölkəmizin gələcəyinə xidmət etdiyini qeyd edən möhtərəm İlham Əliyev bu fikri də hər zaman çıxışlarında önə çəkir ki, görülən işlər, tədbirlər hansısa dövlətə, təşkilata xoş gəlmək məqsədi daşımır. Azərbaycan siyasətində müstəqildir.
Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə, tutduğu yola sadiqlik nümayiş etdirərək, Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfələrini verir. Hal-hazırda sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən artıq üzvü birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətlənməsində stimul rolunu oynayır. Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. YAP-ın V qurultayında dövlət başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi "Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər" fikirləri artıq gerçəklikdir. 9 oktyabr prezident seçkiləri şəffaf, azad, demokratik və beynəlxalq standartlara uyğun keçirildi, Azərbaycanın demokratiya təcrübəsinin dünya ölkələrinə nümunə olduğunu təsdiqlədi. Möhtərəm İlham Əliyevin seçkilərdə qələbəsi növbəti illər üçün nəzərdə tutulan hədəflərə çatmağa yol açmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu bir daha təsdiqlədi.
2013-cü il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin inkişafında da mühüm hadisələrlə yadda qaldı. Belə ki, müxtəlif ölkələrin hakim partiyalarının nümayəndə heyətlərinin, ölkəmizin, eyni zamanda Azərbaycan nümayəndə heyətinin həmin ölkələrə səfərləri əlaqələrin inkişafında təkanverici amil oldu. Ən əsası, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun və Gənclər Qolunun iclasları keçirildi. Bir daha qeyd olundu ki, Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir, inkişafın Azərbaycan modeli dəstəklənir.
Qeyd etdiklərimiz 2013-cü ilin uğurlarına qısaca baxışdır. Nailiyyətlərimiz 2014-cü ilə böyük ruh yüksəkliyi ilə qədəm qoymağımıza əsas verir. Siyasətin düzgünlüyünü təsdiq edən əsas faktor başa çatmaqda olan ilin uğurlar baxımından əvvəlki ildən daha zəngin olmasıdır. Azərbaycanı qarşıdakı illərdə daha mühüm uğurlar gözləyir. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası bu uğurların açarıdır.
"İki sahil"in analitik qrupu