"Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, eləcə də iqtisadi və humanitar əlaqələrə başlıca maneədir. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həll olunması ciddi narahatlıq doğurur". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən problem hələ də öz həllini tapmayıb. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın yaradılmasına hazırdır.
"Lakin indiyə qədər Ermənistan tərəfindən icmalar arasında etimad mühitinin yaradılması təşəbbüslərinə müsbət cavab verilməyib. Dağlıq Qarabağda erməni işğalçı qüvvələri yerləşdiyindən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir. Münaqişənin həll edilməməsi tərəflər arasında əlaqələrin qurulmasını mümkünsüz edir. Əgər bir ölkə digər ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanımırsa, onun ərazisini 20 ildir ki işğal altında saxlayırsa və beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edirsə, belə ölkə ilə necə əməkdaşlıq etmək olar?"- deyə, depuat qeyd edib.
sia.az