"El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bəyan edib ki, Müsavat Partiyası özünü "Milli Şura"da komfort hiss etmirdi. SİA-nın verdiyi xəbərə görə, hərəkat təmsilçisi Milli Şuranın yaranmasından başlayaraq Müsavat tərəfinin strateji planlarına adıçəkilən qurumdan çıxmaq məsələsi salınmışdı: "Vahid namizəd seçiləndə narazı olsa da, yalançı təbəssümlə qarşıladı. Sonra bəhanələr axtarmağa başladı. Onun da biri fəxri sədrliklə bağlı idi. Rüstəm İbrahimbəyov fəxri sədr olsa, biz tərk edəcəyik deyirdilər. Fəxri sədrlikdən gedəndən sonra da bəhanələr qurtarmır".
Onun sözlərinə görə, baş verən hadisələr bütün qaranlıq məqamlara işıq tutur: "Məlum olur ki, lap əvvəldən Azərbaycanda demokratik düşərgənin birliyində maraqlı olmayan yeganə partiya Müsavat olub".
E.Quliyev hesab edir ki, Müsavatın gedişi "Milli Şura"ya zərbə oldu, amma... "Desək ki, hər şey yaxşıdır, bu doğru olmaz. Müsavatın getməsi ilə Milli Şuraya müəyyən zərbə dəydi."
sia.az