PDF Oxu

Siyasət

  • 20

2014-cü il - yeni uğurlara yeni zəfərlərlə

2014-cü il - yeni uğurlara yeni zəfərlərlə

Prezident İlham Əliyev: "Heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil"

Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2013-cü il uğurlu il kimi də estafeti 2014-cü ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verdi. Qüdrətli iqtisadiyyata malik olan Azərbaycan, eyni zamanda, bir sıra möhtəşəm layihələrə imza atmaqla dünya birliyində öz yerini möhkəmləndirdi.

Tükənməz enerji resusrsları növbəti layihələrin yaranmasına şərait yaradır

Prezident İlham Əliyevin yürütdüyü milli enerji siyasəti Azərbaycanın bütün tərəfdaş ölkələrlə qarşılıqlı şəkildə və yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasından ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, yeni enerji layihələri ölkələr arasına səmimi təmasları yeni müstəviyə qaldırır, xalqlar arasında dostluğu möhkəmləndirir. Bu siyasi qətiyyət və humanitar formulun müəllifi olan Cənab İlham Əliyev bölgədə iqtisadi əməkdaşlıq formatının dərin xarakter almasında aktiv fəaliyyəti ilə seçilir. Bu fəaliyyət planı regionda əməkdaşlıq və sabitlik amilinə çevrilməklə bərabər, yeni istiqamətlər üçün zəngin baza yaratmış olur.

Prezident İlham Əliyevin "enerji resursları, layihələri ölkələri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir" fikirləri isə dövlətimizin başçısının hansı siyasi qətiyyət sahibi olmasının, xarici iqtisadi münasibətlərdə ən etibarlı və səmimi tərəfdaş kimi yüksək nüfuzunun təsdiqi hesab olunur. Dövlət başçısının bu fəaliyyət platforması Avropa siyasi liderləri tərəfindən nikbinliklə qarşılanıb və dünya ölkələrini geniş əməkdaşlıq dəhlizlərində birləşdirən bu geocoğrafi konsepsiya güclü dəstək qazanıb. Bütün bunların nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verməklə yanaşı, qlobal müzakirələrin davam etdirilməsi üçün mötəbər tədbirlərin, enerji sammitlərinin Azərbaycanda keçirilməsinə qərar verirlər. Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü enerji siyasəti barədə yekdil bir fikir mövcuddur: Azərbaycanın dünyanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik ölkədir, dünyanın enerji təhlükəsizliyində zəngin təchizatçıdır, Xəzər və Mərkəzi Asiya regionu dünyanın yanacaq-enerji mərkəzlərindən biridir.

2013-cü ilin uğur akkordları - "Şahdəniz-2"

Müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir.

Eyni zamanda, beynəlxalq əhəmiyyətli enerji layihələrini gerçəkləşdirməklə, iqtisadi qüdrətini artıran Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu möhkəmlənir. Prezident İlham Əliyevin söylədiyi kimi heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Təsadüfi deyil ki, son illər "mavi yanacağa" getdikcə artmaqda olan tələbatının" ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Bu baxımdan "Şahdəniz-2" layihəsi çox böyük layihədir və başa vurduğumuz ilin son ayının uğurlu akkordlarıdır. Yeri gəlmişkən, "Şahdəniz-2" layihəsi, həmçinin Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni "Cənub" qaz dəhlizi" açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə "Şahdəniz"in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.

Ötən ilin dekabr ayının 17-də sözügedən layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq".

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaqdır.

Gələcək 10 illiklərə hesablanmış nəhəng addımlar

Son 10 il ərzində Azərbaycanda müşahidə olunan inkişaf proseslərini təhlil edən araşdırmaçılar nailiyyətlərin əldə olunmasına səbəb olmuş uğur formulu haqqında da danışırlar. İnkişafın Azərbaycan modeli haqqında fikirlər söylənilir və dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Azərbaycan son il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb, orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə, Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, sovet dövründən qalmış əmanətlər insanlara qaytarılıbdır. Bütün bunlar düzgün aparılan siyasətin təzahürüdür. Bundan başqa, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması da ötən 10 ilin uğurları sırasındadır.

Beləliklə, bir daha qeyd etmək olar ki, yenicə qarşıladığımız 2014-cü il növbəti 10 illiklərə doğru atılacaq addımların tərkib hissəsidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər