"Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər görülür. 2013-cü ildə bu baxımdan uğurlu addımlar atılıb. Aqrar sahənin inkişafı ilə əlaqədar bu il ərzində də mühüm işlərin görülməsi nəzərdə tutulur". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazasıdır. Onun sözlərinə görə, bu səbəbdən də bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalıdır.
"Qeyd etdiyim istiqamətdə də zəruri addımlar atılır. Belə ki, bölgələrdə əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafı üçün müəssisələr tikilib istifadəyə verilir. Fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanunların qəbul edilməsinə böyük ehtiyac var"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az