Hollandiya Ruslarının Koordinasiya Şurasının sədri Qriqoriy Pasternak və xanımı Olqa Şterenşis Haaqa Azərbaycan məktəbinin qonağı olublar. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Qonaqları "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, birliyin fəxri sədri, yazıçı Gülşən Lətif və birliyin İdarə Heyətinin üzvü, məktəbin direktoru Almaz Kərimli qarşılayıb.
Məktəbin fəaliyyəti ilə yaxından tanış olan Q.Pasternak "Ana Vətən"in digər layihələri kimi bu layihənin də uğurlu olduğunu vurğulayıb. Xarici ölkələrdə yaşayan insanların öz dilində məktəblər açmasının önəmli olduğunu bildirən qonaq məktəbdə hətta valideynlərindən biri rus əsilli olan uşaqların da olmasından məmnun olduğunu, eləcə də uşaqların daha çox dili, xüsusən də ana dillərini mükəmməl bilməsinin vacibliyini qeyd edib. Qriqoriy Pasternak növbəti görüşü Rotterdamda yerləşən Hollandiya Ruslarının Koordinasiya Şurasının ofisində keçirilməsini və birgə tədbirlər planı hazırlamağı təklif edib. Görüşdə hər iki cəmiyyətin üzvləri həyata keçirdikləri tədbir və layihələrdən danışaraq gələcəkdə rus və azərbaycanlıların Niderland Krallığında fəaliyyət göstərən cəmiyyətlərinin birgə layihələr həyata keçirə biləcəklərini qeyd etmişlər.
Qeyd edək ki, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi ötən il dekabr ayının 14-dən Haaqa şəhərində yerləşən yeni ofisinə köçüb. Burada birlik rəsmi fəaliyyətini davam etdirməklə yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvi adına Azərbaycan Məktəbi də təşkil edib. Məktəb şənbə-bazar günü fəaliyyət göstərir. Artıq 3 həftədir ki, Hollandiyada yaşayan azərbaycanlıların övladları Azərbaycan əlifbasını, ədəbiyyatını, tarixini, atributlarını öyrənməklə yanaşı, xalq mahnılarımız və rəqslərimizlə də tanış olurlar. Burada fəaliyyət göstərən kitabxanadan bütün soydaşlarımız istifadə edə bilir.
ZÜMRÜD