"Şahdağ" Qış-Yay Turizm Kompleksinə 20 gündə 10 mindən çox turist gəlib
Dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilən Azərbaycan qısa bir dövr ərzində milli maraqlarının zəminində formalaşıb. Dövlət tərəfindən həyata keçirilən milli strategiya, ictimai, siyasi və mədəni mövqe Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə səbəb olan amillərdir. Vurğulayaq ki, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olub. Məlum olduğu kimi, ölkə iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, ondan daha artıq şəkildə turizm sektoru gəlir gətirmə gücünə malikdir. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Turizmin inkişafı üçün Azərbaycanda kifayət qədər imkanlar mövcuddur və təbii-coğrafi potensialı var. Dünyada mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması bu ölkənin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün kifayət edir. Ölkəmizin dənizi, aranı, dağı, meşələri, çayları, bulaqları, gölləri, yaylaqları turistlərin ölkəmizə cəlb olunması üçün diqqəti çəkən obyektlərdir. Məhz bu faktlar turizm ilə məşğulluğun aktuallığını çox qabarıq şəkildə üzə çıxarır. Bu fakt sözsüz ki, turizmin infrastrukturuna təsirsiz ötüşmür. Ancaq bu hallara baxmayaraq, bu gün Azərbaycanın turizmi üçün əlverişli coğrafi şərait, müxtəlif iqlim qurşaqları, zəngin heyvanat aləmi, dənizi və dənizsahili qumluqları, qədim mədəni tarixi irsi, milli ənənələri, zəngin milli mətbəxinin olması diqqəti cəlb edən amillərdir. Sevindirici haldır ki, bu reallıqların və turizm sahəsinə ayrılan diqqətin nəticəsində son illərdə Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur. Ölkəmizin müxtəlif ərazilərində dünya standartlarına uyğun gələn otellər, əyləncə mərkəzləri, istirahət zonaları yaradılıb. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir. Tamamlanmış olan infrastruktur layihələri, o cümlədən, Bakı-Şamaxı və Bakı-Xaçmaz yolu turist axınına müsbət təsir göstərib. Ötən illərə nisbətən artıq yerli turizm müəssisələri daha çox rəqabətə hazır vəziyyətdədir. Azərbaycan tarixində ilk dağ-xizək turizm mərkəzi olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin də istifadəyə verilməsi turizmin inkişafında mühüm addımdır. Əsrlər boyu Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirən Azərbaycanın şimal-şərq hissəsində möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri, bitki və heyvan aləminin ekoloji xəzinəsi buradadır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır.
Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub. Şahdağ Qış-Yay Turizm Kompleksində xizəksürmə, kanat yolu və digər xidmətlər, ticarət mərkəzi, restoran, kafe, oyun zalı və s. turistlərin ixtiyarındadır. Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksə bayram günlərində turist axını daha da artmışdır. Qış mövsümünə 2013-cü il dekabrın 15-dən başlamış kompleksə 20 gündə 10 mindən çox turist gəlmişdir. Turistlər arasında çoxlu sayda əcnəbilər də vardır. Turistlərə bütün imkanlardan maksimum yararlanırlar. "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki şərait və qiymətlər turistləri tamamilə razı salır.
Qeyd edək ki, ötən il ölkəmizə turistlərin sayının artmasında qiymətlərin ucuzlaşmasının da təsiri var. Qanunvericiliyə uyğun olaraq qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görülür. Son iki ildə mehmanxanalarda qiymətlər 15-20 faiz ucuzlaşıb. Bütün görülən işlərin, turizm obyektlərinin dünya standartlarına uyğun təşkilinin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə Azərbaycana gələn turistlərin sayında nəzərə çarpacaq artım müşahidə olunub.
Onu da bildirək ki, bütün bunların müqabilində turizm sektorundan dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu da Azərbaycanın inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına sərf edilir.
NƏZAKƏT