"2013-ci il Azərbaycanın inkişaf tarixinə qızıl hərflərlə yazıldı. Çünki, yola saldığımız uğurlu il ərzində regional və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli addımlar atıldı, həmçinin, ölkəmizin demokratikləşməsi, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, sosial-iqtisadi layihələrin reallaşdırılması baxımından əhəmiyyətli oldu". Bu fikirləri yap.org.az saytına YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, 2013-cü ildə TAP layihəsi üzrə sazişin imzalanması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolunu bir daha üzə çıxardı: "Həmçinin, 2013-cü ildə Azərbaycan kosmik ölkələri sırasına daxil oldu. Bununla da, ölkəmizin dünya miqyasında nüfuzu daha artdı". O, eyni zamanda, reallaşdırılan "Regionların sosial-iqtisadi inkişafı 2009-2013-cü illərdə Dövlət Proqramı"nın da uğurla həyata keçirilməsini diqqətə çatdırıb: "Planetar miqyasda cərəyan edən böhrana baxmayaraq, Azərbaycanda sosial-iqtisadi reformalar sürətlə aparılır, maaş və pensiyalar qaldırılır. Hətta, MDB-də ilk dəfə olaraq, ən yüksək şərtlərlə sovet əmanət bankında qalmış vəsaitlər kompensasiya şəklində vətəndaşlara qaytarıldı".
Deputat 2013-cü ildə Azərbaycanın ictimai-siyasi həyatı üçün vacib olan hadisələri də vurğulayıb: "Ötən il ölkəmizdə keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatı üçün vacib olan hadisələrdəndir. Çünki, həm daxili, həm də xarici auditoriya Azərbaycan daxili siyasi mənzərəni aydın şəkildə gördü".
S.Vəliyeva onu da deyib ki, 2013-cü ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər Azərbaycanın növbəti illərdə qazanacağı uğurlar üçün əhəmiyyətli baza yaradır.
yap.org.az