Millət vəkili Aydın Mirzəzadə Silahlı Qüvvələrdə kadr dəyişikliyi ilə bağlı son günlər kütləvi informasiya vasitələrində həddindən artıq məlumatların yayılmasına münasibət bildirib. SİA-nın məlumatına görə, millət vəkilinin münasibətində deyilir: "Azərbaycan cəmiyyətində silahlı qüvvələr sektorunda baş verən dəyişikliklər həmişə maraqlıdır. Bunu ilk növbədə ölkəmizin Ermənistanla müharibə vəziyyətində olması ilə izah etmək olar. Bu baxımdan, Azərbaycan mətbuatında müntəzəm olaraq hərbi ilə, ilk növbədə Müdafiə Nazirliyi ilə bağlı materiallar dərc olunur və bunu təqdirəlayiq hal, eləcə də jurnalistlərin fədakarlığı kimi qiymətləndirmək olar. Lakin mətbuatda Müdafiə Nazirliyi ilə bağlı bütün informasiyanın verilməsi böyük narahatlıq doğurur. Mətbuat MN-nin verdiyi rəsmi məlumatlara yanaşı, kənardan alınan məlumatları açıqlamağa çox meyllidir. Xüsusilə də yeni müdafiə nazirinin bütün yeni təyinatları bir anda yayımlanır. Artıq Azərbaycanda açıq şəkildə bütün hərbi hissə komandirlərinin, müavinlərinin, qərargah rəislərinin adı mətbuatda bilinir və xarakteristikası da verilir. Odur ki, bunu təhlükəli hal hesab edirəm. Çünki Ermənistanın mətbuatımızı daima izlədiyinin və ordumuzla bağlı məlumatların bir hissəsinin məhz bizim KİV-lərdən aldığının fərqinə varmalıyıq. Silahlı Qüvvələrimizlə bağlı hər bir informasiyanın, xüsusilə də kadr təyinatı məlumatlarının yayılmasına ehtiyac yoxdur. Bu məsələlər hər birimizi dərindən düşündürməlidir".Qeyd edək ki, dünən Müdafiə Nazirliyi nazirlik sistemində həyata keçirilən son təyinatlarla bağlı açıqlama yayıb. Qeyd olunur ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır. Aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib. Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir.
sia.az